Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib

Prezident İlham Əliyev: "Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir"

Bu gün Azərbaycan öz nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, öz təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, nəqliyyatın inkişafı da hər bir ölkə və ya ayrılıqda region üçün mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, lazımi nəqliyyat infrastrukturu yaratmadan uğurlu inkişafa nail olmaq mümkün deyil. Dəmiryol nəqliyyatı isə əsrdən də artıq bir dövrdə yük və sərnişin daşımalarında mühüm potensial istiqamət kimi daha çox diqqət çəkir. Çünki bu nəqliyyat vasitəsilə daha böyük həcmdə yükləri və çox sayda sərnişinləri münasib zaman çərçivəsində daşımaq mümkündür. Bu baxımdan, dəmir yolları digər nəqliyyat vasitələrindən bütün parametrlər üzrə mühüm perspektivləri ilə fərqlənir. "Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən bildirib.

Prezident onu da əlavə edib ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik: "Yəni Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq, biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən, nəqliyyat infrastrukturundan asılıdır".

Dövlət başçısı son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulduğunu və bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycanın dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir. Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.

"Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir" deyən Cənab Prezident bildirib ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır: "Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri - Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən, bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır".

"Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir"

Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atmış oldu. Regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən Azərbaycan, növbəti dəfə bütün dünyaya bəyan etdi ki, ölkəmizin təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışı regionda sabitliyə, eləcə də, iqtisadi inkişafa böyük töhfədir. Tarixi İpək Yolu üzərində qurulan bu yol Transavropa və Transasiya Dəmir Yolu şəbəkələrinin birləşməsində böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars Dəmir Yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırmış oldu. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti tarixi əhəmiyyət daşıyır. Bu dəmir yolu, ilk növbədə, yük daşımalarındakı intensivliyi artırır. Qeyd edək ki, bu layihə ölkələr arasında ticari və iqtisadi əlaqələrin genişlənməsinə və bundan irəli gələn sabitliyə yönələn layihədir. Çindən başlayaraq bütün Orta Asiya ölkələrini əhatə etməklə, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək Avropaya uzanan, Tarixi İpək Yolunun önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti dövlətlər arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. "Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır" deyən Prezident İlham Əliyev bildirib ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib: "Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq".

"Vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır" deyən Prezident qeyd edib ki, biz dəmir yolunun təməlini qoyanda da, bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Dövlət başçısı Şimal-Cənub Nəqliyyat Dəhlizinə də çox böyük diqqət yetirildiyini bildirib: "Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən, İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də, artıq 2 ildir ki, tamamlanıb. O cümlədən, dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni böyük potensial var və eyni zamanda, Şimal-Qərb Nəqliyyat Dəhlizi işləyir. Rusiyadan, həmçinin, İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir".

"Vətəndaşlar indi dəmir yolu ilə getməyi seçəcəklər, çünki həm rahatdır, təhlükəsizdir, həm də məsafə və vaxt baxımından daha da əlverişlidir"

Cənab Prezident onu da bildirib ki, yollar tamamilə yenidən qurulmalır ki, qatarların sürəti artsın: "Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin".

Ölkəmizdə dəmir yolları yenidən qurulur. Son 25 ildə, sadəcə, 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi və istismar müddəti başa çatıb. Bu gün Prezidentin göstərişini ilə insanların rahatlığı məqsədi ilə dəmir yolları qurulur və istifadəyə verilir. Xatırladaq ki, Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Dövlət başçısının vrğuladığı kimi, "Vətəndaşlar indi dəmir yolu ilə getməyi seçəcəklər, çünki həm rahatdır, təhlükəsizdir, həm də məsafə və vaxt baxımından, daha da əlverişlidir".

Hazırda Ləki-Qəbələ yolunun tikintisi aparılır. Bu yolun uzunluğu 46 kilometrdir. Artıq yolun 11 kilometri qoyulub. Cənab Prezidentin tapşırığına əsasən, gələn ilin yay mövsümünə qədər istifadəyə veriləcək. Bakı-Yalama yolunda da işlər gedir. Ölkəmizin dəmir yollarının 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollar idi. Artıq bu və ya digər dəmir yolları yenilənir və sərnişinlərin istifadəsinə verilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...