Beynəlxalq Elmi Konfransın bölmə müzakirələri böyük marağa səbəb olub TƏDBİR - SƏS TV

Bu gün UNEC-də Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development - ESD) birgə təşkilatçılığı ilə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda 37-ci Beynəlxalq Elmi Konfrans bölmə müzakirələri ilə davam etdirilib. SİA xəbər verir ki, dünyanın 16 ölkəsində yerləşən universitetlərdən professor müəllim heyətinin qatıldığı müzakirələr “Davamlı İnkişafın Sosial-iqtisadi problemləri konteksində davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar”, “İnnovasiya əsaslı sosial-iqtisadi inkişaf”, “Davamlı inkişafın hədəfləri: fiskal və monetar mexanizmlər”, “Təbii resurs gəlirlərinin sosial-iqtisadi aspektləri”, “Qeyri-müəyyənlik mühitində şirkətlərin fəaliyyəti”, “Dövlət və özəl sektor partnoyrluq münasibətləri və sahibkarlıq imkanlarının genişlənməsi” mövzularına həsr edilib.

Qonaq alimlərin böyük maraqla iştirak etdiyi bölmə müzakirələrində tədbiq iştirakçıları aktual mövzular ətrafında təqdimatları dinləyib, fikir mübadiləsi aparıblar. UNEC professoru Zahid Məmmədovun, Həştərxan Dövlət Universitetinin (Rusiya) professoru Oksana Minevanın və UNEC müəllimi Altay İsmayılovun moderatorluğu ilə keçirilən “Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar” adlı 1-ci bölmədə “Azərbaycanın iqtisadi inkişafının struktur modeli: problemlər və perspektivlər”, “Dayanıqlı inkişaf milli doktrin kimi: Vyetnam təcrübəsi”, “Sərhədsiz dünyada milli iqtisadiyyatların transformasiyası” və digər mövzularla bağlı təqdimatlar keçirilib.

Maraqla qarşılanmış növbəti bölmə UNEC prof. Əlican Babayevin və dosent Aida Quliyevanın moderatorluğu ilə keçirilib. “İnnovasiya əsaslı Sosial-iqtisadi İnkişaf” mövzusuna həsr edilmiş 2-ci bölmədə “Regionlarda innovasiyalı istehsalın təşkilinin zəruriliyi”, “Xarici investisiya müqavilələrində tərəqqi bəndi” və digər məqamlara toxunulub.

“Davamlı inkişafın hədəfləri, fiskal və monetar mexanizmlər” adlı 3-cü bölmədə moderatorlar prof. Yadulla Həsənli və dosent İnarə Rzayeva iştirak ediblər. Məruzəçilər “Peşəkar məhkəmə mühasibatı və onun uyğunluğu haqqında anket araşdırması”, “Maliyyə risklərinin idarə oluna bilməsi, maliyyə sabitliyinin vacib amili kimi” və digər mövzular müzakirə edilib.

“Təbii resurs gəlirlərinin sosial-iqtisadi aspektləri” mövzusuna həsr edilmiş 4-cü bölmə moderatorlar UNEC prof. Sakit Yaqubov, prof. Müslüm İbrahimov və Belqorod Dövlət Tədqiqat Universitetindən (Rusiya) Elena Stryabkovanın iştirakı ilə keçirilib. Burada “Təbii resurs gəlirləri və ekoloji tarazlığın təmin olunması mexanizmləri”, “Bölgənin inkişafı üçün “Hacendary” siyasətinin bir hissəsi olaraq Meksikada kənd təsərrüfatı subsidiyaları” və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

“Qeyri-müəyyənlik mühitində şirkətlərin fəaliyyəti” mövzusuna həsr edilmiş 5-ci bölmədə moderatorlar UNEC prof. Kamil Şahbazov və müəllim Aqil Əzizovun iştirakı ilə “Müəssisələrdə informasiya assimetriyasının azaldılmasına Bayesian yanaşma”, “İstehlakçının seçiminə məhsulyönlü xüsusiyyətlərin nisbi təsirinin müəyyən edilməsi”, “Keyfiyyətin idarə edilməsinin planlaşdırılması və proqnozlaşdırılması”, “Yük daşımaları xidmətinin keyfiyyətinin idarə edilməsinin optimallaşdırılması” və digər mövzular ətrafında müzakirələr aparılıb.

“Dövlət və özəl sektor partnoyrluq münasibətləri və sahibkarlıq imkanlarının genişləndirilməsi” mövzusuna həsr edilmiş 6-cı bölmədə moderatorlar qismində UNEC prof. Məhiş Əhmədov və prof. Rövşən Quliyev iştirak ediblər. Çıxışlarda “Qeyri-neft sektorunda sahibkarlığın inkişafının konseptual əsasları”, “Doktorantura üzrə elm və təhsilin inteqrasiya əlaqələrinin qiymətləndirilməsi”, “Azərbaycanda insan kapitalının turizmin inkişafına təsirinin təhlili” və digər mövzulara toxunulub.

Keçirilmiş müzakirlərdə qonaq alimlər seçilmiş müzakirə mövzularının xüsusi aktuallığını, təşkilatcılıq səviyyəsinin yüksək olduğunu, UNEC-in iqtisadi araşdırmalar sahəsində böyük potensiala sahib olduğunu bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə