Neftin qiymətinə hansı amillər təsir göstərir? ŞƏRH

"Cari ilin ilk 5 ayında neftin qiymətinin 50 dollardan yüksək olmasına baxmayaraq son 1 ayda qiymətlərdə azalma müşahidə edilib. OPEC-in öz daxilində orta sutkalıq hasilat 6 ayın nəticələrinə görə, ilin əvvəli ilə müqayisədə 260 min barel artıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, ABŞ-da gündəlik neft hasilatı 6 ayda orta hesabla 350 min barel artıb: “Rusiya kimi neft nəhəngi, hansı ki, OPEC-lə hasilatın azaldılması ilə bağlı saziş imzalayıb, 2016-cı ilin oktyabr göstəriciləri ilə müqayisədə hasilatı azaltsa da, 2016-cı ilin birinci yarımilliyi ilə müqayisədə hasilatı artırıb. O cümlədən, hasilatın artımı OPEC-lə müqavilə imzalamış digər ölkədə - Qazaxıstanda qeydə alınıb.

Bütün bunlarla yanaşı digər tərəfdə OPEC - in kvotaları aid edilməyən üzv ölkələri var: Nigeriya və Liviya. Hər ikisində hasilat artır. İlin əvvəlindən təkcə Liviyada gündəlik hasilat 300 min barel artaraq 1 milyon barel təşkil edib.

Bütün bunları nəzərə alaraq nəticə kimi onu deyə bilərik ki, neft bazarında təklif kifayət qədərdir və dünya iqtisadiyyatının artan tempi onu üstələməyə hələ qadir deyil və məhz buna görə də neft öz REAL bazar qiymətində ticarət edilir və hər hansı SİYASİ motivlərin axtarılması bu halda yersizdir”.

İlham Şaban daha sonra qeyd edib ki, OPEC daxil olan ölkələrin hasilatı azaltması müsbət tərəfləri də var: “Belə ki, may konfransında OPEC hasilatın azaldılması ilə bağlı qərar qəbul etmədi, sadəcə 30 noyabr 2016-cı ildə qəbul edilmiş qərarı (hasilat göstəricilərinin 6 ay müddətində 01.01.2017 tarixindən başlayaraq gündəlik 1.2 mln barel azaldılması) 31.03.2018 tarixinə qədər uzatdı. Ona görə də bazar iştirakçıları OPEC-in bu qərarını məyusluqla qarşıladılar. Çünki təhlilçilərə aydın idi ki, artan neft həcmləri qarşılığında bir qədər sonra neft qiymətləri enməyə başlayacaq. Ancaq o fikirlə də razılaşmaq olmaz ki, neft yenidən 20-30 dəhlizinə qədər ucuzlaşacaq. Belə bir hal 2016-cı ilin yanvarında qısa müddətdə yaşandı və ondan sonra qiymətlər artıma doğru getdi. Neft bazarında 2016-cı ilin iyunundan orta stabil qiymətlər formalaşıb: $45-55 dəhlizində. Yəni 1 ildir ki, hasilatçı və istehlakçılar bu diapazonda neftin alqı-satqısını öz biznesləri üçün komfort olmasa da, normal qəbul edirlər, çünki ortada ZİYAN deyil, mənfəət var. Aydın məsələdir ki, BAZAR mənfəətdən kənarlaşmağa meyilli olarmı? Əlbətt ki, yox (qısamüddətli dövrlər nəzərə alınmasa)”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...