Azərbaycan Milli İncəsənət Muzeyinin direktoruna Fransa Kavaleri ordeni təqdim edilib

Oktyabrın 10-da Fransanın Bakıdakı səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə bu ölkənin İncəsənət və Filologiya Kavaleri ordeninin təqdim edilməsi mərasimi keçirilib.

SİA xəbər verir ki, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros 2012-ci ildə Bakıda Fransa inciləri sərgisinin keçirilməsinin, 2017-ci ildə Milli İncəsənət Muzeyində Fransa mədəniyyətinin incilərinin nümayiş etdirilməsinin, bu yay isə Fransa-Azərbaycan birgə arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərginin təşkilinin Çingiz Fərzəliyevin Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrə verdiyi töhfələr olduğunu bildirib.

Səfir qeyd edib ki, İncəsənət və Filologiya Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə təqdim olunur.

Sonra diplomat Fransanın İncəsənət və Filologiya Kavaleri ordenini Çingiz Fərzəliyevə təqdim edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev öz növbəsində səfirə və Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinə təşəkkürünü bildirərək deyib: “Bütün ölkələr bir-birinə oxşayır. Amma Fransa mədəniyyətinin dünya sivilizasiyasına təsiri böyükdür. Azərbaycan da bu təsirdən kənarda qalmayıb. Fransa kimi bir ölkənin ordeni ilə təltif olunmaq mənim üçün böyük şərəfdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...