Fərhad Bədəlbəylinin 70 illik yubileyi keçiriləcək FOTO

27 dekabr 2017-ci il tarixində görkəmli Azərbaycan pianoçusu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda və Moskvada təntənəli yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında professor Fərhad Şəmsi oğlu Bədəlbəylinin layiqli yeri vardır. F.Bədəlbəyli müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilib. Onun böyük məharətlə ifa etdiyi əsərlər musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına həkk olunub. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Fərhad Bədəlbəyli eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib.

Gözəl pianoçu milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində – Almaniya, Fransa, İspaniya, Avstriya,Rusiya, ABŞ, Türkiyə, Hindistan, Çin, İsveçrə, Norveç, Misir, Yunanıstan, Suriya, Portuqaliya, İsrail, Kanada, Gürcüstan, Ukraynada məharətlə təqdim etməklə, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilib və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib.

24 noyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Fuad İbrahimov, solistlər – Fərhad Bədəlbəyli, Murad Adıgözəl-zadə) çıxış edəcək.

Konsertin proqramı:

F.Əmirov, E.Nəzirova – Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert

C.Qerşvin – Fortepiano və orkestr üçün konsert

Cari ilin 13 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Roskonsert” birliyinin dəstəyi ilə Moskvada P.İ.Çaykovski adına Konsert Zalında yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Fərhad Bədəlbəyli ilə birgə tələbələri, pianoçu, Xalq artisti Murad Adıgözəlzadə, tanınmış Azərbaycan dirijorları Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

Konsertin proqramı:

F.Əmirov, E.Nəzirova – Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert

F.Əmirov – “Sevil” operasından “Balaşın ariyası”

C.Verdi – “Taleyin gücü” operasından Leonoranın ariyası (solist: Kiara İzotton)

F.Bədəlbəyli – “Ave Maria”

C.Qerşvin – Fortepiano və orkestr üçün konsert

S.Raxmaninov – iki fortepiano və simfonik orkestr üçün 2 saylı Suita (Moskvada ilk ifa)

(A.Varenberqin işləməsi)

Bütün xəbərlər Facebook səhifəmizdə