Sərt karantin rejiminin müddəti uzadıldı AVSTRİYADA

Avstriyada koronavirusa yoluxma hallarının hələ də yüksək olması və virusun yeni ştammının yayılmasını nəzərə alaraq, yerli hökumət sərt karantin rejiminin müddətini fevralın 8-dək uzadılması barədə qərar qəbul edib. SİA xəbər verir ki, bunu Federal Kansler Sebastian Kurts hökumətin mətbuat konfransında bildirib. Kansler qeyd edib ki, ötən il dekabrın 26-dan yanvarın 25-dək qüvvədə olan sərt karantin rejiminin müddətinin uzadılması hazırkı epidemioloji vəziyyətin tələbidir. İndiyədək qüvvədə olan qaydalardan başqa, həm ticarət obyektlərində, həm də ictimai nəqliyyatda FFP2 maskalarından istifadə məcburi olacaq. Kanslerin sözlərinə görə, daha sərt qaydaların gündəmə gəlməsi indiyədək ölkədə koronavirusun Böyük Britaniya variantına yoluxma hallarının artımı ilə əlaqədardır. Son həftələrdə yoluxma hallarının arzuolunan səviyyəyə düşməməsi də hökuməti sərt karantin rejiminin müddətini uzatmağa vadar edib. Hökumətin qərarına əsasən, fevralın 8-dən etibarən ticarət obyektləri, müştəriyə yerində xidmət göstərilən sahələr (bərbər, kosmetika salonları və s.) və muzeylər müəyyən məhdudiyyətlər altında fəaliyyətini bərpa edə biləcək. Qastronomiya və turizm obyektləri isə fevraladək bağlı qalacaq. Tədris müəssisələri qış tətili başa çatanadək (8 fevrala kimi) distant təhsili davam etdirəcək.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...