Almaniyada keçiriləcək növbədənkənar parlament seçkilərində Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi, hazırkı Kansler Olaf Şolts və Xristian Birlik (CDU/CSU) partiyalarının Kansler vəzifəsinə namizədi Fridrix Merts teledebatda iştirak ediblər. SİA xəbər verir ki, ARD və ZDF kanallarında birbaşa yayımlanan 90 dəqiqəlik debatda əsasən miqrasiya siyasəti, ölkə iqtisadiyyatının hazırkı vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, enerji və ifrat sağa qarşı yanaşma məsələləri diqqət mərkəzində saxlanılıb.
Fridrix Merts hökumətin miqrasiya siyasətini tənqid edərək, Olaf Şoltsun başçılıq etdiyi koalisiya hökumətinin hakimiyyəti dövründə bu sahədə hər hansı irəliləyişin qeydə alınmadığını vurğulayıb. Qanunsuz miqrasiyaya qarşı ən sərt siyasəti başçılıq etdiyi hökumətin yürütdüyünü deyən Kansler Olaf Şolts Birliyin namizədinin planlarının Avropa hüququna uyğun olmadığını, Fridrix Mertsin Bundestaqda “şou göstərmək” üçün təhlükəsizlik qaydalarının sərtləşdirilməsi, polisin fəaliyyəti və Avropa mühacirət sistemi ilə bağlı qanunları Bundesratda (Əyalət Nümayəndələri Şurası) ləngitdiyini ifadə edib. Olaf Şolts rəqibini ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə hər cür əməkdaşlığa gedilməməsi barədə “yanğın divarı” (Brandmauer) adlandırılan prinsipi pozmaqda itiham edib və onun güvənilməz olduğunu qeyd edib. Fridrix Merts isə bu ittihamları rədd edib. O, qanunsuz miqrasiyaya qarşı parlamentə təqdim olunan təklifə AfD-nin də dəstək verməsinin Birliyin AfD ilə əməkdaşlıq etməsi anlamına gəlmədiyini vurğulayıb.
Birliyin namizədi koalisiya hökumətinin iqtisadi siyasətini də tənqid edərək, ölkə iqtisadiyyatında üçüncü ildir durğunluğun yaşandığını, işsizliyin və iflas səviyyəsinin yüksək olduğunu, sənaye sektorunda 300 min iş yerinin ixtisara düşdüyünü bildirib. Olaf Şolts bu vəziyyətə Rusiya-Ukrayna müharibəsinin səbəb olduğunu deyərək, müharibənin təsirinin digər ölkələrdə də hiss edildiyini vurğulayıb.
Fridrix Merts SPD-nin Almaniyadakı sərmayələrə 10 faizlik vergi güzəştinin tətbiqini nəzərdə tutan “Made in Germany” bonusunun iqtisadiyyatın davamlı inkişafını təmin edə bilməyəcəyini, bu siyasətin borclanmanın, vergilərin və dövlət xərclərinin artmasına səbəb olacağını ifadə edib.
Enerji mövzusunun müzakirəsi zamanı Fridrix Merts müharibə və enerji böhranının yaşandığı dövrdə koalisiya hökumətinin üç Atom Elektrik Stansiyasının (AES) bağlanması barədə qərarını tənqid edib. Olaf Şolts isə hər üç AES-in fəaliyyətinin dayandırılmasının iqtisadi inkişafla əlaqəsi olmadığını iddia edib.
Teledebatda ciddi fikir ayrılıqlarından biri də vergi məsələsində müşahidə edilib. Olaf Şolts gəlirləri yüksək olanlara daha çox vergi yükünün tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb. Fridrix Merts isə yüksək vergi dərəcələrinin iqtisadiyyata mənfi təsir edəcəyini bildirib.
Hər iki namizəd Almaniyanın xarici siyasəti, xüsusilə Ukraynaya dəstək məsələsində demək olar ki, bənzər fikirlər səsləndirib. Bu məsələdə fikir ayrılığı Ukraynaya ballistik raketlərin verilib-verilməməsi məsələsində müşahidə olunub.
Namizədlər arasında növbəti teledebat fevralın 16-da təşkil olunacaq. Həmin müzakirələrdə Olaf Şolts və Fridrix Merts ilə yanaşı, AfD-nin namizədi Alis Vaydel, Yaşılların namizədi, hazırkı iqtisadiyyat naziri Robert Habek də iştirak edəcəklər.
Qeyd edək ki, Fridrix Mertsin təmsil etdiyi Xristian Birlik partiyaları rəy sorğularında 30 faizlə ilk sırada yer alıb. Koalisiya hökumətinin başçısı Olaf Şolts isə 15-17 faizlə üçüncü sırada qərarlaşıb. Seçkiqabağı reytinqlərdə ikinci yerdə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) namizədi Alis Vaydel (21 faiz) durur.
Fridrix Mertsin miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan təklif və qanun layihəsini bir neçə gün əvvəl Bundestaqda səsverməyə çıxarması və AfD-nin də dəstəyini alması ölkədə gərgin siyasi mübahisələrə və etirazlara səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə