Azərbaycanın turizm potensialı Londonda təbliğ edilir

Azərbaycanın turizm potensialı Londonda təbliğ edilir. SİA xəbər verir ki, Azərbaycan Turizm Bürosu Londonda keçirilən World Travel Market (WTM)- Dünya Səyahət Sərgisində iştirak edir.

Sərgidə Azərbaycan Hava Yolları da daxil olmaqla 19 yerli tərəfdaş təmsil olunur. Bunların arasında Ritz Carlton Bakı, JW Mariott Bakı kimi otellər, PMD Hospitalality, Şahdağ Turizm Mərkəzi, Geo Travel, Baku Holiday Travel, Flame Tours&DMC, Sayahat Travel, AVA tours, ENC Tour və s. turizm şirkətləri var.

Sərgi çərçivəsində Azərbaycanın fərqli turizm məhsulları, xüsusilə milli mətbəx və şərabçılıq, haykinq, qış turizmi və mədəni marşrutlar kimi məhsullar xüsusilə vurğulanır.

Bununla yanaşı, il ərzində sıx əməkdaşlıq edilmiş tərəfdaşlar, o cümlədən media nümayəndələri ilə görüşlər və müsahibələr təşkil olunur.

Qeyd edək ki, ATB sonuncu dəfə 2019-cu ildə fiziki olaraq WTM-də iştirak edib və sərgi pandemiya səbəbindən son iki ildə onlayn şəkildə baş tutub.

Noyabrın 7-9-da keçirilən sərgi 1980-ci ildən bəri təşkil olunur və dünyanın hər yerindən turizm büroları və destinasiya idarəetmə təşkilatlarını bir araya gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə