Avropa İttifaqı rusları cəzalandırmaq qərarına gəlib?

…Ukrayna böhranı başlayandan bəri Rusiyadan olan bir milyondan artıq turist Avropada dincəlib. Bunun qarşısını sanksiyalar və Avropa İttifaqının səmasının bağlanması da ala bilməyib. Deyilənə görə, indi rusların əlində 12 milyondan artıq viza var. Amma, vəziyyət tezliklə dəyişə bilər, çünki “Avropaya səfər etmək hüquq deyil, imtiyazdır”(?).

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Telegraph” yazır.

Nəşrin yazdığına görə, ruslara qarşı “hava” sanksiyaları tətbiq edidikdən sonra da, onlar xaricə getməyin yolunu tapıblar. Belə ki, Finlandiya və ya Estoniya vasitəsilə sərhədi keçən ruslar, sonradan təyyarə xidmətindən yararlanırlar.

Buna görə də Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri Avropanın cənubundakı otellərdə “dəbdəbəli yaşayan” rusiyalı istirahətçilərə qəzəblənib. Estoniyada baş nazir isə…“Avropaya səfər etmək hüquq deyil, imtiyazdır”-deyə bildirib.

Nəticədə Avropa İttifaqı bu yaxınlarda Rusiya ilə sadələşdirilmiş viza rejimini ləğv edib. Belə ki, bundan sonra Rusiya vətəndaşları üçün Avropa vizalarına müraciət etmək daha çətin olacaq.

…Hazırda ruslar üçün buraxılış müddəti 15 gündən 45 günə qədər uzadılıb. Bundan əlavə, Rusiya Federasiyası vətəndaşlarının turizm məqsədləri üçün viza almaq müraciətlərinə “prioritet olmayan əsaslarla baxılacaq”.

Maraqlıdır ki, “The Telegraph” bütün bunları ruslar üçün hələ ki, yetərli qadağa hesab etmir. “…Bundan əlavə, sadələşdirilmiş rejimin dayandırılmasının nə vaxt qüvvəyə minəcəyi hələ məlum deyil və belə bir məqam gəlsə belə, tədbir artıq qüvvədə olan 12 milyon vizaya təsir etməyəcək”.

Təbii ki, bunlar öz yerində. Amma nəşr Rusiya turizminə qoyulan məhdudiyyətlərin Avropa İttifaqının gəlirlərinə də mənfi təsir etdiyini vurğulayır. Nəşrin yazdığına görə, hazırda Fransa, İspaniya, İtaliya, Yunanıstan, Kipr kimi ölkələrdə istirahət evlərinin çoxu “sahibsiz” qalıb.

Bundan əlavə, Avropa İttifaqının Rusiya səmasının bağlanması ilə əlaqədar olaraq Asiyaya aviadaşımaların qiymətləri də artıb.

Və maraqlıdır ki, bu arada “The Telegraph” Türkiyənin Rusiya ilə dava-dalaşa düşmədən turizmdən faydalana bildiyini “qızqanclıqla da olsa” etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə