"Azərbaycan turizmi hər zaman yüksələn xətlə inkişaf edir" - SƏDR AÇIQLADI

"Azərbaycan turizmi hər zaman yüksələn xətlə inkişaf edir. 2020-ci ildən başlayaraq ölkəmizdə pandemiya şəraiti mövcud olub. Bu pandemiya nəinki ölkəmizdə bütün dünyada qlobal problemə çevrilmişdi. Buna görə də turizm sıfır nöqtəsinə gəlib çatmışdır. Lakin 2022-ci ildən başlayaraq digər ölkələrdə və ölkəmizdə karantin şəraiti yumşaldıldı". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirib.

Onun sözlərinə görə, bu baxımdan da ölkəmizə çoxlu sayda turist gəlməyə başladı: "Təbii ki, 2019-cu il rəqəmləri ilə bu ilki rəqəmləri müqayisə edə bilmirik. əgər 2019-cu ildə 3 milyondan artıq turist qəbul etmişdiksə növbəti illərdə bunun 2 qatını gözləyirdik. Lakin çox təəssüf ki, pandemiya bunun qarşısını aldı. Düşünürəm ki, önümüzdəki illərdə biz bundan da artıq turist sayı ilə qarşılaşacağıq. Hazırda yay sezonudur və yay sezonu turistlərin daha çox səfərlərə, istirahətə getdiyi sezon olaraq bilinir. Bu baxımdan da ölkəmizə kifayət qədər turist axın edib. Turistlər gələrkən birinci növbədə paytaxtda istirahət etmək istəyirlər, eyni zamanda regionlara da səfər edirlər. Uzunmüddətli turlar zamanı turistlər daha çox paytaxtdan uzaq regionlara da gedə bilirlər. Zaqatala, Balakən, Qax rayonlarına da səfər edirlər. Əsasən monitoriqlərin şahidi oluruq ki, turistlər paytaxta yaxın olan ərazilərə səfər etməyi sevirlər. Quba, Qusar, Xaçmaz zonası bu baxımdan daha əlverişlidir. Lakin hazırda Quba yolunda təmir işləri olduğu üçün bir çox şirkətlər həmin bölgəyə turist səfəri təşkil etmir. Həmin bölgəyə gedən turistlərin sayı azdır. Şəki, Şamaxı, İsmayıllı kimi bölgələrə turistlərin intensiv şəkildə getməsi müşahidə olunur. Burada olan tarixi abidələrimiz, təbiətimiz turistlərin diqqətini cəlb edir.

Pandemiya başlayandan daxili turizmdə canlanma müşahidə olunur. Burada çatışmayan cəhətlər üzərində işlər həyata keçirildi və həmin boşluqlar dolduruldu. Həm otellərin, həm ictimai iaşə obyektləri, həm də digər turistik obyektlər yenidən bərpa edilib. Bölgələrimizdə təmiz-bərpa işləri yaxşı şəkildə davam etdirilir. Təbii ki, çatışamazlıqlar da mövcuddur ki, bunlardan biri də bölgələrdə kifayət qədər otelin olmamasıdır. Bu da qiymət artımına səbəb olur.

Biz sahibkarlara hər zaman tövsiyyə edirik ki, otellərin tikilməsinə üstünlük versinlər. Son illərdə aparılan müşahidələr də onu göstərir ki, otellərin sayı artmaqdadır. Amma hələ də bu kifayət qədər deyil. Düşünürəm ki, bölgələrdə fərqli turizm marşrutları yaradılmalıdır. Bu marşrutlar turistlərin daha çox marağına səbəb olacaq.

Digər məsələlərdən biri isə regionlarda turizm sahələrinin çoxsaylı olmamasıdır. Misal üçün demək olar ki, çadır turizmi o qədər də inkişaf etməyib. Amma biz bilirik ki, çadır turizmi infrastrukturu böyük olan bölgələrdə, otellərin sayı az olan bölgələrdə çox effektiv bir vasitədir. Tövsiyyə edirik ki, çadır turizmini inkişaf etdirsinlər. Bu turizm vasitəsilə daha çox turist cəlb edə bilərik. Gələcəkdə bunların hamısı planlı şəkildə həyata keçiriləcək.

Kənd yaşıl turizminin də inkişafı yüksələn xətlə inkişaf edir və turistlər də kənd evlərində qalmağa üstünlük verirlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə