Daha Yaponiyaya da gedə bilərsiniz...

Yaponiya son iki ildə ilk dəfə əcnəbi turistlərin ölkəyə gəlməsinə icazə verib

İyunun 10-dan Yaponiya son iki ildə ilk dəfə əcnəbi turistlərin ölkəyə gəlməsi üçün sərhədlərini açacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib.

Lakin bununla yanaşı, hökumət başçısı yumşaltmaların mərhələlərlə və müəyyən şərtlərlə tətbiq olunacağını bildirib.

Qeyd edək ki, mart ayından COVID-19-la bağlı sərhəd nəzarətini yumşaldan hökumət iyunun 1-dən ölkəyə gündəlik giriş sayını 20 minədək artırmağı nəzərdə tutub. Bildirilir ki, əcnəbi turistlər paket turlar vasitəsilə və bələdçilərin müşayiəti ilə ölkəyə buraxılacaqlar.

Bununla yanaşı, Yaponiya hökumətinin sərhəddə yumşaltmaları artırdığı da qeyd edilir. Belə ki, mayın 26-dan etibarən tam peyvənd olunan və PCR testi təqdim edənlərin karantində qalmaları tələbi də aradan qaldırılıb.

Əlavə olaraq bildirək ki, 2019-cu ildə koronavirus pandemiyası ərəfəsində Yaponiyaya gələn əcnəbilərin illik sayı 31,88 milyon nəfərə çatmışdı. Lakin COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən ötən il bu ölkəyə cəmi 245 min 900 əcnəbi gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə