Təlim mərkəzinin onlayn kitabxanası yaradılacaq. - DMX-NİN RƏİSİ

"Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması layihəsi bir ildir həyata keçirilir. Artıq layihə çərçivəsində üç təlim sessiyası təşkil olunub". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) yol xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanmasına həsr olunmuş regional seminarda bildirib.

Onun sözlərinə görə, yaxın zamanda təlim mərkəzinin onlayn kitabxanası yaradılacaq.

V.Hüseynov qeyd edib ki, birgə fəaliyyət nəticəsində miqrasiyanın əsas problemlərini həll etmək mümkündür: “Hər ölkənin özünün miqrasiya təcrübəsi var. Bu məlumatları birləşdirmək və paylaşmaq olar”.

O bildirib ki, daha bir vacib məsələ pandemiya başa çatdıqdan sonra miqrasiya məsələlərinin həlli ilə bağlıdır.

V.Hüseynovun sözlərinə görə, Azərbaycan ərazilərinin bir ildir işğaldan azad olunması ölkədə miqrasiya xidmətinin fəaliyyətinə müsbət təsir göstərir.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Regional Təlim Mərkəzinin yaradılmasının ölkələrə miqrasiya sahəsində təcrübə mübadiləsi aparmağa imkan verəcəyini bildirib.

“Miqrasiya Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından da vacib amildir. O, regional əməkdaşlığı və dialoqu genişləndirməyə imkan verir”, - o deyib.

V.Andreyeva Azərbaycanda bu mərkəzin açılmasını səbirsizliklə gözlədiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə