Turizm üçün ən bəyənilən ölkələr - ARAŞDIRMA

Müasir dövrdə böyük şəhərləri xarici turistlərsiz təsəvvür etmək olmur. İlin müəyyən aylarında, əsasən yay və qış aylarında bir çox insan xarici ölkələrə və ya rayonlara səyahət edir. Turizm artıq bir çox təsərrüfat həyatında əhəmiyyətli rolu olan iqtisadiyyatın bir sahəsinə çevrilmişdir. Xatırladaq ki, turizm ölkələrin iqtisadi vəziyyətinə müsbət təsir göstərir və dünya ixracatının dəyərcə 5 faizi onun payına düşür. Bir çox ölkələrdə turizmin inkişafına xüsusi diqqət ayrılır və böyük məbləğdə dövlət tərəfindən vəsait ayrılır.

Turizm üçün əlverişli olan bölgədə müxtəlif əyləncələr və istirahət guşələri yaradılır. Turizm mərkəzləri yerli və xarici qonaqlara xidmət göstərir. Azərbaycan Respublikası digər MDB dövlətləri kimi beynəlxalq turizm inkişafına gec başlamışdır. Bu səbəbdən turizm sənayesinin formalaşması son illərə təsadüf edir. Amma qeyd etmək lazımdır ki, qısa müddət ərzində paytaxt Bakıda və digər rayonlarda beynəlxalq standartlara cavab verən otellər və istirahət kompleksləri tikilmişdir.

Ümumiyyətlə, beynəlxalq turizmin inkişafı əhalinin maddi və mədəni səviyyəsindən eyni zamanda əmək haqlarından asılıdır.

Qeyd edək ki, siyasi sabitliyin möhkəm olması turist axını üçün əlverişli şərait yaradır.

2 ilə yaxın müddətdir ki, Covid-19 infeksiyasının yayılmasına görə bütün dünyada turizm durğunlaşmışdı. Lakin Covid-19 göstəricilərinin dünya üzrə azalması bu il turizmin keçən ilə nəzərən normallaşmasına səbəb oldu. Keçən il turizm böhran vəziyyətində idi.

Bir çox şəxs səyahət etməyi planlaşdıran zaman əsasən bölgənin flora-faunasına və ekologiyasına diqqət edir.

Ölkəmizin bölgələrində bir çox turizm mərkəzi yaradılıb. Məsələn, Quba, Qəbələ, Naxçıvan, Şəki, Şamaxı, Lerik, İsmayıllı, Nabran və s.

Yay vaxtı vətəndaşlarımız ya meşəlik, dağlıq zonalara, ya da, dəniz, çimərlik olan zonalara gedirlər. İstirahət üçün seçilən zonada öz maddi vəziyyətlərinə və zövqlərinə görə qonaqlamağa məkan seçirlər.

Yay vaxtı xarici ölkələrdə istirahət etməyi seçən vətəndaşlarımız da az deyil. Xarici ölkələrdən - Türkiyə, Gürcüstan, Ukranya, Yunanıstan, ABŞ, İtalya, Fransa, İspanyaya səyahət üçün tələbat çoxdur.

Yay vaxtı ölkəmizdə olan otellərin qiymətinin baha olmasından bir çox vətəndaş şikayət edir. SİA olaraq vətəndaşlarımızın bu barədə fikirlərini öyrənmək üçün sorğu keçirdik.

Şəhər sakini Ülvi Hüseynov: "Əmək haqqım 250 manatdır. Bilirsiniz ki, ölkəmizdəki otellərin 1 günlük qiyməti 50 manatdan - 300 manata qədər dəyişir. Bu səbəbdən mən otellərdə qalmağı tövsiyə etmirəm. Lakin qiymətlər xarici qonaqlar üçün uyğundur. İstirahət etdiyim zonaya yaxın ev kirayə edib, orada qalıram".

Şəhər sakini Səadət Mustafayeva: "Azərbaycandakı otel qiymətləri məni qane etmir. Dincəlmək üçün rayona getmək çox baha başa gəlir. Fikrimcə, xarici ölkələrdə istirahət etmək daha ucuz olur. Xüsusilə Türkiyə dövlətini istirahət üçün daha çox bəyənirəm".

Şəhər sakini Cəlil Kazımlı: "Azərbaycanda istirahət etmək üçün otellərə müraciət edirik. Lakin qiymətlər fikrimcə, biraz daha münasib ola bilər. Münasib qiymətli otellərin xidməti isə qənaətbəxş deyil".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə