44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq Prezident İlham Əliyev

44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq.

SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 26-da Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışından sonra hərbi qulluqçuları ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Xudafərin körpüsü Müstəqillik Günündə - keçən il oktyabrın 18-də düşməndən azad edilmişdir. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamışdır. Azadlıq mübarizəmiz məhz bu istiqamətdən başlamış və Vətən müharibəsi 44 gündən sonra Ordumuzun, Silahlı Qüvvələrimizin Qələbəsi ilə nəticələnmişdir. Bu ərazidə şiddətli döyüşlər gedirdi, hər bir kənd uğrunda şiddətli döyüşlər gedirdi, biz şəhidlər verirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. İtkilərə baxmayaraq, biz hər gün irəli gedirdik. 44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün Zəfər günü idi. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilməmişlər. Bax, bu istiqamətdə onlar əks-hücum əməliyyatı planlaşdırmışdılar və bunu həyata keçirməyə başlamışdılar. Amma bu, onların sonunun başlanğıcı olmuşdur. Çünki həmin əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilmişdir, düşmən böyük sayda itki vermişdir və düşmənin onlarla texnikası məhv edilmişdir. Biz məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açmışdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...