Dağ-piyada turizmi tezliklə Qarabağda - AÇIQLAMA ÖZƏL

"Dağ turizminin inkişaf etdirilməsi bizim əsas strategiyalarımızdan biridir. Bu məqsədlə biz hal-hazırda dağ-piyada turizm marşrutları (haykinq marşrutları) hazırlayırıq. Hazırda bizim inkişaf etdirdiyimin mərkəz Böyük Qafqaz dağlarında şimal marşrutudur. Bu istiqamətdə 6 ədəd turizm marşrutu hazırlayırıq və indi onun üzərində işlər gedir. Birinci mərhələ artıq bitib. Hazırlıqlar əsasən marşrutların istiqamətlərinin aydınlaşdırılması, cığırların müəyyən edilməsi və onların üzərində dağ-piyada istiqamətverici nişanların əlavə edilməsindən ibarətdir. Çünki həm turistlərin təhlükəsizsizliyinin təmin edilməsi, həm də daha rahat gəzməkləri üçün dağ-piyada nişanlarının quraşdırılması vacibdir. Böyük ehtimal ki, dekabr ayının sonuna kimi biz 6 ədəd dağ-piyada marşrutu təhvil verəcəyik. Bu marşrutlar əsasən şimal rayonları- Quba, Qusar ərazilərini, Xınalıq, Qırız, Qırız Dəhnə kəndlərindən, həmçinin Qusarın bir sıra dağ ucqar kəndlərini əhatə edir. Növbəti iki il əsasən daxili turizmin inkişafı üçün daha perspektivli olacaq. Ona görə biz bu marşrutların işarələnməyini həm Azərbaycan, həm İngilis dillərində edirik ki, yerli əhali də dağ-piyada marşrutlarından rahatlıqla istifadə edə bilsinlər". Bunu SİA-ya açıqlamasında Azərbaycan Turizm Bürosunun Turizm Məhsulunun İnkişafı sektorunun müdiri Şərifə Həsənova deyib.

Onun sözlərinə görə, bütün bunlara əlavə olaraq həmin piyada marşrutlarının üzərində yerləşən yerli kəndlərdə turistlərin kənd evlərində qalması üçün şərait yaradırıq: "Kənd əhalisinin turistlərə yemək və ya evlərini təklif etməsi istiqamətində də işləyirik. Bu da öz növbəsində yerli icmaya, yerli insanlara maddi gəlirin olmasına hesablanıb. Turizmin əsas missiyası elə məhz budur. Biz də bu prinsiplə işləyirik və yerli əhalini bu marşrutlara cəlb edirik. Marşrutlar hazır olduqdan sonra fiziki göstəriciləri uyğun gələn, nisbətən dil bacarıqları olan gənc kadrlar seçərək yerli bələdçilər hazırlayacağıq. Yerli bələdçilər bu istiqamətdə olan bütün turları həyata keçirəcəklər. Biz onlara Azərbaycan Turizm Bələdçiləri Assosasiyası ilə birlikdə təlim keçəcəyik. Bu da həmçinin yerli insanların işlə təmin olunmasına da xidmət edəcək. Mart ayının sonundan etibarən biz Şimal-qərb istiqamətində 5 ədəd dağ piyada marşrutları hazırlayacağıq. Bu marşrutlar həm "haykinq", həm də "trekkinq"-dir. Əsasən Şəki, Zaqatala, Balakən, Qax zonasını əhatə edir və uzun müddətlidir. Adətən, iki gündən daha çox vaxtı əhatə edən və gecələmə nəzərdə tutulan marşrutlar trekkinq ayılır".

Ş.Həsənova vurğulayıb ki, 2020-ci ilin mart ayında biz Kiçik Qafqaz dağlarında da dağ-piyada marşrutları ilə bağlı işlərə başlamışıq: "Gəncədən başlayaraq Daşkəsənə kimi uzun Kiçik Qafqaz piyada marşrutu nəzərdə tutmuşduq və Murov Dağ silsilələrinin həmin regiona düşən hissələrini əhatə edirdi.Həmin ərazidə qiymətləndirmə işləri aparılmış və 2021-ci ildə artıq icra prosesinə keçəcəyik. Lakin sevindirici haldır ki, indi Qarabağ zonasında da biz fəaliyyət nəzərdə tuta bilərik. Turizm üçün əlverişli olacaq ən qısa zamanda biz Murov Dağın Qarabağ istiqamətində də turizm marşrutları nəzərdə tuturuq. Qarabağda Qarabağ silsiləsi var və ümumi araşdırma göstərir ki, orada da dağ-piyada marşrutları çox effektiv ola bilər. Həmçinin orada dağ çayları var ki, bizim onlarla da bağlı planlarımız var. Qarabağ regionunda turizm fəaliyyəti mümkün olan kimi biz artıq bu istiqamətdə fəaliyyətlərimizi nəzərdə tutacağıq. 2021-ci il üçün biz Naxçıvan və cənub zonası, Talış dağlarında dağ-piyada marşrutlarının yaradılması üçün çalışacağıq. Ümumilikdə 2021-ci ilin sonuna kimi 30-dan çox dağ-piyada marşrutları nəzərdə tutulur və bunlar əsasən Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları və Naxçıvan dağlarında olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə