Turizm vizası ilə bağlı prosedur dəyişir

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Turizm haqqında" qanuna dəyişiklik müzakirə edilib. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söyləyib ki, turizm vizası və turistlərə elektron vizaların verilməsi ilə bağlı dəyişiklik edilir.

Onun sözlərinə görə, hazırkı qanunda qeyd edilir ki, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir: “Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Yeni layihədə isə qeyd edilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş gün müddətində, birdəfəlik elektron vianın sürətləndirilmiş qaydadad alınması üçün müraciət edildikdə isəən geci 3 saat müddətində baxılır, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır. İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir”.

M. Quliyev vurğulayıb ki, qanuna dəyişikliklərin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli fərmanı ilə təasdiqlənmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"nin tələblərindən irəli gəlir.

Müzakirələrdən sonra qanun layihəsi Parlamentin plenar iclasına tövsiyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə