2020-ci ildə turistlərin istirahət üçün ən gözəl məkan

İnsanlar öz yaşayış yerlərinin hüdudlarından kənara çıxaraq, istər ölkənin xaricində, istərsə də daxilində öz istirahətlərini təşkil edirlər. Təbii ki, turizm sənayesinin mövcud səviyyəsi, istirahətin təşkili üçün mövcud şəraitin olması turistlərin seçimində əsas amillərdir. Əlbəttə ki, ölkəmizdə bu sahənin inkişafı üçün görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin və sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti və uğurlu daxili siyasəti nəticəsində, Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Ölkəmizdə il boyu turizm imkanlarının və xidmətlərinin təqdim olunması və turistlərin qalma müddətinin uzadılması qış turizminin inkişafına da xüsusi diqqət göstərir. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricilərdəndir. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, yerli Maçi-Piçku və ya Qubanın Xınalıq kəndi, Talış dağları və s. turistləri üçün çox maraqlı olan məkanlardır.

Ölkəmizdə mövcud olan turizm imkanları dünyanın müxtəlif mətbu orqanlarının diqqətini cəlb edir. Küveytdə böyük oxucu auditoriyasına malik və gündəlik ərəb dilində nəşr olunan "Əl-Qabas" qəzetində "Lonely Planet" saytına istinadən "2020-ci ildə dünyada istirahət üçün 10 ən gözəl yer" sərlövhəli məlumat dərc olunub. Məlumatda "Lonely Planet"in 15-ci təsnifatında 2020-ci ildə turistlərin sərfəli qiymətlər və gözəllik baxımından, səfər edəcəkləri dünyanın 10 ən gözəl şəhərləri arasında paytaxtımız Bakı şəhəri 5-ci yerdə qeyd olunub. Məlumatda, neft və qazla zəngin olan ölkəmizə turistlərin səfəri zamanı bənzərsiz təcrübə təqdim edən unikal bir təyinatın, eyni zamanda, ucuz qiymətə yüksək səviyyədə yaşayışın şahidi olacaqları və ləziz yeməklər yeyəcəkləri qeyd edilib. Həmçinin, Bakı şəhərinə səfər zamanı orada bir neçə mühüm tarixi yerləri ziyarət etmə imkanlarının olacağı bildirilib.

İtaliyanın "Termometro Quoditiano" saytı isə, Azərbaycanı 2020-ci ildə yenidən kəşf ediləsi ölkə adlandırıb. "Lonely planet" turizm jurnalının məqaləsində ölkəmiz 2020-ci ildə görülməsi lazım olan ölkələr siyahısına daxil edilib. Bunun əsasında yazı dərc edən italyan portalı ölkəmizin bu il bir daha kəşfini məsləhət görüb. "Azərbaycan-zərdüştlüyün yaşayan mədəni mərkəzi, müasir və qədim arxitekturanın vəhdəti, xarakterik Xəzər dənizi, keçmiş və gələcəyi özündə birləşdirən ölkə - yeni axtarışlar edən və suallara cavab axtaran hər kəsə maraqlı olacaq" deyə yazıda bildirilir.

Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qurulmuş turizm obyektlərində istirahət edərək, buranın təbiətinə valeh olurlar. Azərbaycanın belə məkanları sırasında Qəbələnin öz yeri var. Son dövrlər aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr Qəbələni daha da füsunkar etməklə yanaşı, insanların güzəranlarını da xeyli yaxşılaşdırıb. Qəbələdə turizm obyektlərinin sayı xeyli artıb. Bu turizm-istirahət mərkəzləri dağ, çay, meşə zolaqları ilə əhatə olunur. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstdə konki meydançası, alpinizm məşğələləri hər bir turisti maraqlandırır. Qəbələnin adət-ənənələri, milli mətbəxi, mədəniyyət və tarixi, təbiəti ilə bağlı məlumat əldə edir, istirahətləri yüksək səviyyədə təşkil olunur. Son illərin statistikası göstərir ki, öz məzuniyyətini Qəbələdə keçirmək istəyində olan turistlərin sayında ilbəil artım müşahidə olunur.

Oğuz da bu gün turizm məkanı kimi məşhurlaşmışdır. Son illər Oğuz rayonunda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Rayonun turizm mərkəzinə çevrilməsi üçün lazımi infrastruktur yaradılıb. Rayonun siması tamamilə dəyişib. Yenidənqurma işləri bu gün də uğurla davam etdirilir. Şimaldan Rusiya ilə həmsərhəd olan rayon gözəlliyinə görə, "Azərbaycanın İsveçrəsi" adlandırırlar. Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayon ərazisində qədim tarix və memarlıq abidələri çoxdur.

Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması, mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizmə nail olmağa şərait yaratdı. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən biri olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır. Bu günlərdə "TurStat" turizm portalı bu qış MDB ölkələrində rusiyalı turistlərin istirahəti və səyahəti üçün ən populyar dağ-xizək kurortlarının reytinqini açıqlayarkən, MDB-də dağ xizəklərində və snoubordlarda sürüşmək üçün ən yaxşı kurortların Qazaxıstan, Belarus, Azərbaycan və Qırğızıstanda yerləşdiyini qeyd edib.

MDB məkanında turistlərin daha çox üz tutduğu 10 ən yaxşı dağ-xizək kurortu sırasına Azərbaycanın "Şahdağ" və "Tufandağ" kurort məkanları daxildir. Reytinq MDB məkanının qış kurortlarında turların və istirahət təkliflərinin nəticələrinə əsasən təqdim edilib. Rusiyanın "TurStat" turizm portalı rusiyalı turistlər üçün MDB-də müəllif turlarının ən populyar istiqamətlərinin siyahısını təqdim edərkən, bu siyahıya, Azərbaycandan Bakı, Qobustan, Şəki və Qəbələ ilə yanaşı, həmçinin, Qazaxıstandan Almatı şəhəri və Almatı vilayəti, Burabay və Aktau, Belarusdan Minsk şəhəri, Minsk vilayəti və Vitebsk, Özbəkistandan Buxara və Səmərqənd və s. daxil edilib.

Əlbəttə ki, ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi mərhələdə Azərbaycan turistlər üçün cəlbedici məkan olaraq diqqətdədir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə