Azərbaycanda turizm potensialı getdikcə genişlənir - AÇIQLAMA

Ümumilikdə Asiya bölgəsindən yetərincə çox turist artımı gözlənilir. Bu gün Çin bazarı üzərindən sorğuların və təsdiqlərin sayı kifayət qədərdir. Bunu SİA-ya açıqlamasında "Flame Tours & DMC" turizm agentliyinin direktoru Rüfət Əlimərdanov deyib.

R.Əlimərdanov bildirib ki, Koreyadan gələn turistlərin sayında da artım özünü göstərəcək. “Koreyalı turistlərin Azərbaycana marağı hər zaman yaxşı olub və gün keçdikcə turistlərin sayındakı artım artıq özünü biruzə verməyə başlayıb. Amma gəlmə turizmi elə bir siferadır ki, burada sərhədlər yoxdur. Yəni, bu gün Azərbaycana gələn turistlərin sayı 3 milyonu keçibsə, düşünürəm bir neçə il ərzində bu say daha artacaq”.

Şirkət rəhbəri qeyd edib ki, Cənubi Koreya, Yaponiya, Çin kimi ölkələr turizm potensialı olan ölkələrdir. “Belə ki, Asiya xalqları səyahət etməyi sevir və Azərbaycan da dünyada yeni destinasiya kimi tanınmağa başlayıb. Bu isə öz növbəsində turistlər üçün çox cəlbedicidir. Azərbaycanın maraq doğurmasının səbəblərindən biri də Formula1, Avropa Oyunları, UEFA kimi bi çox beynəlxalq tədbirlərdir. Bunlar hər biri Azərbaycanın turizm potensialının artmasına öz tövhəsini verib. Təkcə Asiya deyil Avropadan da bu il üçün gələn turistlərin sayı kifayət qədərdir”.

R.Əlimərdanov vurğulayıb ki, həmçinin Rusiyadan da Azərbaycana gələn turistlərin sayı günü-gündən artmaqdadır. “Düşünürəm ki, bu il Rusiyadan gələn turistlərin sayı keçən ildən daha çox olacaq. Çünki onlar özlərini Azərbaycanda çox rahat hiss edirlər, dil problemi ilə qarşılaşmırlar, Azərbaycan mətbəxini çox sevirlər. Moskva şəhərindən gündə 10-a yaxın uçuşlarımız var. Bu isə özlüyündə böyük bir rəqəmdir. Bütün bu amillər rusiyalı turistlərin Azərbaycana cəlb olunmasında önəmli faktorlardır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə