Etik kodeks Ümumdünya Turizm Təşkilatının normalarına uyğun hazırlanıb -AÇIQLAMA

“Etik kodeks 10 maddədən ibarət olan bütün Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olan, bütün turizm subyektlərini əhatə edən etik kodeksdir”. SİA-nın verdiyi məlumata görə bunu açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.

O.Bədəlov bildirib ki, bu etik kodeksdə həm turistlərə düzgün, keyfiyyətli xidmətin göstərilməsi, onların təhlükəsizliyinin təmin olunması, eyni zamanda turizm şirkətlərinin Azərbaycana gələn turistlərə xidmət göstərilməsi nəzərdə tutulub. “Bununla yanaşı yerli əhalinin də turizm xidmətinə cəlb olunmasında xüsusi yer verilib. Bildirmək istəyirəm ki, biz bu etik kodeksi hazırlayarkən beynəlxalq təcrübədən yararlanmışıq. İlk növbədə bu Ümumdünya Turizm Təşkilatını əhatə edən etik kodeksdir. Dünya üzrə bütün turizm şirkətləri hər zaman vahid bir dünya standartlarına söykənən quruma istinad edirlər. Bu təşkilat da məhz Ümumdünya Turizm Təşkilatıdır. Biz də assosasiya olaraq bu etik kodeksi hazırlayarkən məhz həmin qurumun qaydalarına, normalarına əsaslanaraq hazırlamışıq”.

O.Bədəlov vurğulayıb ki, bu etik kodeks turizm qaydalarını və eyni zamanda etik normaları özündə əks etdirir. “Bu məcburi deyil, etik kodeks Azərbaycanın turizm bazarında tətbiq etmək üçün nəzərdə tutulub. Düşünürk ki, istər turizm şirkətləri, istərsə də turistlər bu etik kodeksdən yararlanaraq həm şirkətlər düzgün və keyfiyyətli, standartlara cavab verən turizm xidmətləri göstərəcək, eyni zamanda turistlər öz davranışlarını, öz hüquq və vəzifələrini bilmiş olacaqlar. Assosasiyaya üzv olan 50 turizm şirkəti və bu şirkətlərlə müştərilər arasında ikitərəfli müqavilə imzalanacaq. Müqavilə ona görə imzalanmasının əsas məqsədi neqativ halların qarşısını maksimum həddə almaqdır. Bu isə öz nöbəsində Azərbaycanda turizmin keyfiyyətinin artırılmasına köməklik göstərəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...