Keçirilən festivallar yeni turizm kütlələrinin cəlb olunmasına kömək edir - ÖZƏL MÜSAHİBƏ

Quba Destinasiya Menecment Təşkilatı yarandığı gündən etibarən bir çox layihələrə imza atıb. Bunu SİA-ya açıqlamasında Quba Destinasiya Menecment Təşkilatının direktoru Heybət Vəliyev deyib.

O bildirib ki, bütün bu layihə və tədbirlərin əsas məqsədi Quba, Qusar şəhərlərində turizmin inkişafı, idarə olunması və təşviqi yönündədir: “Təşkilatımız Dövlət Turzim Agentliyinin və Turizm Bürosunun nəzdində fəaliyyət göstərir və yerli səviyyədə dövlət sektoru, icma və özəl sektor arasında əlaqələrin qurulmasına xidmət edir. Bu günə qədər və gələn illər üçün turizm məhsulunun inkişafı, turizmdə marketinq, kommunikasiya, turizmdə insan resursları və standartları üzərində işlər görmüşük. Təşkilat ilk dəfə Azərbaycan Bələdçilər Assosasiyasi ilə birlikdə turizmin sertifikatlı bələdçilərinə təlimlər keçib. Artıq qonaqların qarşısına peşəkar səviyyədə çıxa biləcək Quba və Qusarın 13 bələdçisi olacaq. Hər iki rayonun turizm məhsullarını gözdən keçirdik, bazasını yaratdıq və həmin turizm məhsullarının daha da yaxşılaşdırılması üçün işlər apardıq”.

H.Vəliyev aqro turizmin inkişafından bəhs edərkən, turizm məhsullarının bazasına əsaslanaraq gələn il xüsusilə aqro- turizmin inkişafı ilə əlaqədar işlər görəcəyini qeyd edib: “Buna misal olaraq fermalara və bağlara turistlərin girişinin təmin olunması olacaq ki, misalçün bir ziyarətçi bağa daxil olur, orada öz məhsulunu özü yığır, özü istehsal edir və özü də alır. Hazırda kənd həyatı təcrübəsi xüsusilə diqqət mərkəzindədir. Bu da kənd qonaq evlərinin inkişafı üçün infrastrukturların yaxşılaşdırılması və kənd həyat təcrübəsinin qonaqların istifadəsinə hazır şəkildə verilməsi üçün zərurət yaradır ki, biz bu sahənin inkişafı üçün də çalışırıq. Bundan əlavə biz marketinq komitəsi olaraq yerli tədbirlərə öz dəstəyimizi göstəririk”.

Təşkilat direktoru qeyd edibki, bu il turizm xəritələri hazırlanıb, həmin xəritələr Quba-Qusar regionlarının turizm məhsulları və turizm fəaliyyətlərini əks etdirib: “Növbəti fəaliyyətimiz bu ayın sonuna kimi Qusar şəhər və Şahdağ turizm mərkəzini özündə birləşdirən növbəti xəritələrimizi ziyarətçilərin istifadəsinə verməkdir. Marketinq, kommunikasiya kimi sahələrdə hədəflərimiz broşuralarımızın buraxılmasıdır. Bu broşuralar özündə mədəni, təbii, tarixi məlumatları əks etdirəcək. Qonaq bu broşuralar sayəsində regionun hansı şəkildə əlçatan olması, hansı turizm məhsullarından ibarət olması kimi məlumatları əldə edəcək. Təbii ki, təlimlərimizi davam edəcəyik, festivallar keçirəcəyik. Keçirilən bu festivallar yeni turizm kütlələrinin cəlb olunmasına kömək edir. Misalçün “Regional Mətbəx Festivalı” bu yay baş tutub. Həmçinin Xınalıqda baş tutan beynəlxalq “Dağların başı” adlı festivala da öz dəstəyimizi göstəririk. Bütün bu görülən işlər birbaşa regionun turizminin inkişafına, idarə olunmasına və onun təşviqinə yönəlib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə