Turizmin inkişafında yeni mərhələ

Prezident İlham Əliyev: "9 ayda Qəbələyə 300 min turist gəlib"

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı, regionun davamlı inkişaf edən və məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Dövlət başçısının rəhbərliyi altında son illər ölkədə yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik və rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi görülən işlərin məntiqi davamıdır. Dövlət proqramları ölkədə makroiqtisadi sabitliyin təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması kimi prioritetləri özündə ehtiva edir.

Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də böyük addımlar atılıb. Azərbaycanda magistral yollar müasir formada yenidən qurulub. Bir çox yaşayış məntəqəsini birləşdirən kəndlərin, yaşayış məntəqələrinin yol infrastrukturun yaxşılaşdırılması ilə bağlı dövlət başçısı, son illər ərzində, xeyli sayda Sərəncam imzalayıb ki, bu da, əhalinin rahatlığına xidmət edir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə turizmin inkişafına səbəb olub. Ölkəmizə səfər edən turistlərin gedib-gəlməsi üçün geniş imkanlar yaradılıb və bu, davam etməkdədir. Çəkilən dəmir yolları daxili turizmin, həmçinin, beynəlxalq turizmin inkişafına da töhfəsini verir. Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən, bildirdiyi kimi, göstərişlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən, Bakı şəhərətrafı yolun tikintisi gedir: "Bu, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. Eyni zamanda, bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilməmişdi, buna ehtiyac yox idi, ancaq hazırda buna böyük ehtiyac var. Mən bu təşəbbüsü irəli sürəndə, bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən, mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni 9 ayda Qəbələyə 300 min turist gəlib".

"LƏKİDƏN QƏBƏLƏYƏ DƏMİR YOLUNUN ÇƏKİLMƏSİ XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR"

Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollar və dəmir yolları ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, bu istiqamətdə işlərin həcmi ilbəil artır. "Qəbələyə bir yol var - Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm trafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır" deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin bütün bölgələri, o cümlədən, Qəbələ sürətlə inkişaf edir. Rayonun sosial-iqtisadi inkişafı və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın məşhur turizm mərkəzlərindən birinə çevriləcəyinə zəmin yaradır. Təsadüfü deyildir ki, Prezident İlham Əliyev Qəbələ rayonuna səfərləri zamanı yeni beşulduzlu otel və istirahət mərkəzlərinin açılışında iştirak edir, turizmin daha da inkişafı üçün dəyərli tövsiyələrini verir. Qəbələnin son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırmışdır. Artıq ənənə halını almış və hər ilin yay aylarında keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın 20-yə yaxın ölkəsindən dünya şöhrətli musiqiçilər iştirak edirlər. Festivalda səsləndirilən klassik musiqiləri canlı dinləmək üçün yüzlərlə yerli və xarici musiqi həvəskarları Qəbələyə təşrif buyururlar. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir. Gün ərzində bu obyektlərdə, ümumilikdə, 2500-ə yaxın qonağa milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilə bilir.

AZƏRBAYCAN DÜNYADA TURİZM ÖLKƏSİ KİMİ TANINIR

Qəbələ rayonunda mövcud olan turizm obyektləri hər il nüfuzlu sərgilərdə, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir və bazarda özünün turizm məhsullarını nümayiş etdirir. Rayonun təbii iqlim şəraiti də burada turizmin inkişafı üçün yeni perspektivlər açır. Relyefi müxtəlif olan Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Təsadüfi deyildir ki, respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü bu rayonun ərazisində yerləşir.

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bu tarixi abidələr Qəbələnin tarixinin min illər bundan əvvəllərə gedib çıxdığını göstərir. Bu füsunkar yurd yerinin qədim tarixi, adət-ənənələri və xalq sənəti nümunələri çox zəngindir.

Rayonda turizmin inkişaf dinamikasına nəzərə salsaq, görərik ki, bu yerlərə turist axını yüksələn templə davam edir. Onların arasında mədəniyyətimizlə və tarixi abidələrimizlə maraqlananların sayının çox olması sevindirici haldır. Xüsusilə, beşulduzlu "Qafqaz Resort", "Qafqaz Riverside", "Qafqaz Sport", "Qafqaz Karvansaray" hotelləri, "Qəbələnd" istirahət və əyləncə mərkəzi, "Xanlar", "Çənlibel", "Soyuq bulaq", "Gilan", "Qəbələ", otel və istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və burada qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılmışdır. Qafqaz brendi altında fəaliyyət göstərən beşulduzlu otellər xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır.

Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Turistlər rahat və təhlükəsiz yollarla Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, cənub mirvarisi Lənkərana, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksinə, Şəkidəki Kiş Alban məbədinə, Şəki Xan sarayına, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astaraya və başqa görməli və səfalı turizm məkanlarına səfər edirlər.

Müasir yol infrastrukturu, artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur. Magistral yollarımız, dəmir yolları ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə