"Ölkəmizi turizm destinasiya nöqtəsinə çevirməliyik" - EKSPERT

"Ölkəmizi turizm destinasiya nöqtəsinə çevirməliyik" - EKSPERT

"Burada ən vacib məqam odur ki, bizim ölkəmiz İpək Yolu üzərində yerləşir".

Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, bizim turizm potensialımız da çox yüksəkdir: "Bizim 11 iqlim qurşağından 9 iqlim tipi bizdədir. Mətbəximiz, incəsənətimiz, mədəniyyətimiz, təbiətimiz çox gözəldir. Bunu yüksək dəyərləndirmək lazımdır.

Təkcə standart turizm növlərini deyil, digər turizm növlərini də inkişaf etdirmək lazımdır. Bunlardan ən vacibi sağlamlıq turizmi, ekoturizm, daha sonra kənd turizmi, aqroturizm, ekstremal turizm və digər turizm növlərini zənginləşdirmək və daha çox inkişaf etdirmək lazımdır. İcma əsaslı turizmi inkişaf etdirmək lazımdır.

Ən vacib faktor hava yollarının biletləridir. Təbii ki, bilirsiniz ki, tur paketlərin içərisində qiymətin 70 faizini hava yollarının biletləri təşkil edir. Bu da tur paketlərinin satılmasına və turistlərin cəlb olunmasına daha çox təsir edir. Aşağı büdcəli biletlər, yəni hava yolları açılmalıdır, uçuşlar artırılmalıdır.

Doqquz beynəlxalq hava limanımız var, onlardan ikisi Bakıda yerləşir. Digər yeddisindən də daha aktiv istifadə etmək lazımdır. İnşallah, quru yolları da açılmalıdır ki, təkcə hava yollarından asılı olmayaq.

Bundan da önəmlisi, xidmət sahəsini inkişaf etdirmək lazımdır. Rayonlardakı kadrlara, sahibkarlara və mütəxəssislərə təlimlər keçirilməlidir ki, daha yüksək səviyyədə xidmət göstərilsin.

Bir sıra detallar var və bunların hamısı ilə ilk öncə öz ölkəmizi destinasiya nöqtəsi kimi daha önə çıxarmalıyıq və özümüzü özümüz kimi tanıtmalıyıq. Kiməsə bənzəməməliyik və yüksək səviyyədə təqdimat bazarları olmalıdır. Təbii ki, qonaqpərvərlik bizim qanımızda, canımızdadır. Zatən olanı göstərmək kifayət edər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə