Xaricə istirahətə gedənlərin ən çox etdiyi səhvlər NƏDİR ? - AÇIQLANDI

Xaricə istirahətə gedənlərin ən çox etdiyi səhvlər NƏDİR ? - AÇIQLANDI

Xaricə səyahət etməzdən əvvəl vətəndaşlar ilk növbədə etibarlı və rəsmi fəaliyyət göstərən turizm şirkətlərini seçməlidirlər. Turizm şirkəti ilə əməkdaşlıq zamanı sifariş edilən bütün xidmətlər üzrə mütləq müqavilə bağlanmalı, ödənilən məbləğin qarşılığında isə qəbz tələb olunmalıdır. Bu sənədlər sonradan yarana biləcək hər hansı mübahisənin həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O qeyd edir ki, səyahət sığortası əksər istiqamətlər üzrə məcburi olmasa da, Azərbaycandan kənara səfər edən hər bir şəxsin səyahət sığortası əldə etməsi tövsiyə olunur. Bu, gözlənilməz tibbi xərclər, uçuş ləğvləri və digər risklər zamanı turistin maliyyə yükünü azalda bilər:

“Səyahət planlaşdırılarkən gediləcək ölkənin hava şəraitini əvvəlcədən araşdırmaq da vacibdir. Dünyanın müxtəlif regionlarında iqlim şəraiti eyni vaxtda fərqli olur. Məsələn, yay aylarında bəzi Asiya ölkələrində həddindən artıq isti hava müşahidə olunduğu halda, digər bölgələrdə yağışlı və rütubətli hava hökm sürə bilər. Yay mövsümündə Avropa ölkələri, eləcə də Türkiyə, Monteneqro, Yunanıstan və Misir istiqamətləri turistlər üçün daha əlverişli seçimlər hesab olunur.

Müalicə məqsədli səfərlərə gəlincə, mütəxəssis yaz və payız aylarını daha uyğun hesab edir. Onun sözlərinə görə, sanatoriya və sağlamlıq turizmi üçün sərin hava şəraiti müalicə prosesinin effektivliyini artırır.

Bundan əlavə, turistlər səfər edəcəkləri ölkənin qanunları, mədəniyyəti, adət-ənənələri və davranış qaydaları barədə əvvəlcədən məlumat toplamalıdırlar. Bu, həm təhlükəsizlik, həm də yerli əhali ilə ünsiyyətdə problemlərin qarşısının alınması baxımından vacibdir”.

Ekspert beynəlxalq gündəmi və xəbərləri izləməyin də vacibliyini vurğulayır:

Onun sözlərinə görə, dünyada baş verən siyasi gərginliklər və silahlı münaqişələr turizm marşrutlarına birbaşa təsir göstərir. Bir müddət əvvəl Körfəz regionunda baş verən silahlı qarşıdurmalar səbəbindən bir çox aviareys təxirə salınmış, bu isə həm aviaşirkətlərə, həm turizm şirkətlərinə, həm də turistlərə ciddi zərər vurmuşdu. Bu səbəbdən səyahət qərarı verməzdən əvvəl gediləcək istiqamətdəki təhlükəsizlik vəziyyəti və son xəbərlər mütləq nəzərə alınmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə