"Azərbaycanın hər bölgəsinin mətbəxi ayrıca qastro-turizm brendi ola bilər” – EKSPERT

"Azərbaycanın hər bölgəsinin mətbəxi ayrıca qastro-turizm brendi ola bilər” – EKSPERT

"Qastro-turizm dünyada turistləri cəlb edən ən mühüm turizm məhsullarından biridir".

Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, məlumdur ki, turist hansı ölkəyə səfər etməsindən asılı olmayaraq, mütləq həmin məkanın milli mətbəxi ilə tanış olur, yerli yeməklərin dadına baxır:

"Bu baxımdan, qastronomiya turizm marşrutlarının ayrılmaz hissəsi və turistlərin seçimində mühüm rol oynayan amillərdən hesab edilir.

Azərbaycana gələn turistlər də ölkəmizin mətbəxini yüksək qiymətləndirir, xüsusilə ət məhsullarının, tərəvəz və meyvələrin təbii, orijinal və zəngin dada malik olduğunu vurğulayırlar. Bununla yanaşı, Azərbaycan mətbəxi turistlərə daha geniş çeşiddə təqdim oluna bilər.

Hazırda əsasən bir neçə ənənəvi yemək turistlərə təqdim edilsə də, ölkəmizin hər bir bölgəsinin özünəməxsus yeməkləri, şirniyyatları və digər qastro-turizm məhsulları mövcuddur.

Eyni zamanda, regionlara məxsus meyvə və tərəvəzlər də turistlər üçün xüsusi maraq doğuran amillərdəndir.

Düşünürəm ki, Azərbaycanın bölgələrindən başlayaraq ən dadlı və orijinal yeməklərin müəyyənləşdirilməsi üçün müxtəlif qastronomiya müsabiqələrinin keçirilməsi faydalı olardı. Bu yarışlarda yeməklərlə yanaşı, şirniyyatlar, salatlar və digər milli qida nümunələri də təqdim edilə bilər.

Nəticədə ən uğurlu reseptlər toplanaraq vahid nəşr və ya resept toplusu şəklində hazırlanmalı, daha sonra isə paytaxtdakı və digər şəhərlərdə fəaliyyət göstərən restoranlarda geniş tətbiq olunmalıdır.

Bu gün bəzi yeməklər yalnız müəyyən rayonlara məxsus kimi təqdim edilir. Halbuki onların bir qismi ümumrespublika səviyyəsində tanıdılaraq Azərbaycan mətbəxinin əsas nümunələrinə çevrilə bilər. Belə təşəbbüslər həm milli mətbəximizin zənginliyinin daha geniş auditoriyaya çatdırılmasına, həm də qastro-turizmin inkişafına ciddi töhfə verər.

Qabaqcıl turizm ölkələrinin təcrübəsi də göstərir ki, regionlara məxsus yemək reseptləri toplanır, təqdimatlar və müsabiqələr təşkil olunur. Daha sonra restoranlar həmin reseptlərdən istifadə edərək onları geniş auditoriyaya təqdim edir. Azərbaycanın da bu təcrübədən faydalanması ölkəmizin qastro-turizm potensialının daha effektiv tanıdılmasına və turistlərin marağının artırılmasına xidmət edə bilər".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə