Azərbaycanda turizm sektoru son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Həm paytaxt sakinləri, həm ölkəmizə gələn əcnəbi turistlər, həm də qonşu ölkələrdən gələn qonaqlar regionlara və Bakı ətrafında yerləşən istirahət məkanlarına daha çox üstünlük verirlər.
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O bildirib ki, bu gün turistlərin yerləşdirilməsi təkcə otellərlə məhdudlaşmır:
“Regionlarda fəaliyyət göstərən otellərlə yanaşı, yerli sakinlər də öz evlərini və bağ evlərini qısamüddətli kirayəyə təqdim edirlər. Təbii ki, qiymətlər evin yerləşdiyi əraziyə, sahəsinə, şəraitinə, həyətinin olub-olmamasına və təqdim olunan xidmətlərin səviyyəsinə görə dəyişir.
Beynəlxalq təcrübədə qısamüddətli kirayə xidmətləri üçün geniş istifadə olunan müxtəlif onlayn platformalar mövcuddur. Bu platformalarda bəzən daha sərfəli qiymətə yerləşmə imkanları tapmaq mümkündür. Lakin Azərbaycanda bu sahədə fəaliyyət göstərən yerli platformaların sayı hələ də məhduddur. Xüsusilə regionlarda evlərini turistlərə kirayə vermək istəyən vətəndaşların rəqəmsal platformalardan istifadə imkanları və təcrübəsi kifayət qədər geniş deyil.
Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə yerli platformaların inkişaf etdirilməsi, vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsinin təşviq olunması və kirayə bazarının daha sistemli şəkildə formalaşdırılması həm turizmin inkişafına, həm də regionlarda yaşayan insanların əlavə gəlir əldə etməsinə müsbət təsir göstərə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB