"Azərbaycan turizm sənayesini ümumi şəkildə nəzərdən keçirdikdə, turizm ixtisaslı kadrların sayının qeyri-ixtisaslı kadrlara nisbətən az olduğu müşahidə olunur. Halbuki 2001-ci ildən etibarən turizm və xidmət sahəsi üzrə fakültələr müxtəlif universitetlərin nəzdində fəaliyyət göstərir".
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.
.jpg)
Kənan Hənifəyev sözlərinə belə davam edib: "2006-cı ildə Azərbaycan Turizm İnstitutu yaradılmış, daha sonra isə Turizm və Menecment Universitetinə çevrilmişdir. Ümumilikdə hər il yüzlərlə məzun bakalavr pilləsini bitirərək ixtisası üzrə fəaliyyətə başlamaq üçün potensial imkan əldə edir.
Bundan əlavə, peşə turizm məktəbləri də fəaliyyət göstərir. Lakin bütün bu kadr hazırlığına baxmayaraq, ixtisaslı kadrların turizm sənayesində çalışma faizi hələ də yüksək deyil. İxtisaslı kadrların sayının artması üçün onların əmək bazarındakı tələb və təkliflərinin qarşılanması vacibdir. Hazırkı vəziyyət onu göstərir ki, qeyri-ixtisaslı işçi ilə ixtisaslı işçi arasında konkret fərqləndirici meyarlar müəyyən olunmur.
Bu problem yalnız turizm sahəsinə deyil, ümumilikdə xidmət sektoruna da aiddir. Bu baxımdan, turizm sənayesində çalışan əməkdaşların həmkarlar birliyinin fəaliyyət göstərməsi məqsədəuyğun olardı. Eyni zamanda, sənayedə çalışan şəxslərin qeydiyyata alınması, vahid məlumat bazasının formalaşdırılması və onların hər üç ildən bir attestasiyadan keçirilməsi zəruridir.
Attestasiya nəticələrinə əsasən əməkdaşlara fəaliyyət nişanı verilməli və bu nişana uyğun əməkhaqqı kateqoriyaları formalaşdırılmalıdır. Şirkətlərin təqdim etdiyi əməkhaqqı və iş şərtləri də məhz həmin fəaliyyət nişanına uyğun olmalıdır.
Attestasiyanın üç ildən bir keçirilməsi və on il müddətini əhatə etməsi nəzərdə tutulmalıdır. Bu mexanizm sahədə çalışan əməkdaşların öz işinə və ümumilikdə sənayeyə qarşı daha məsuliyyətli, bilikli və peşəkar yanaşmasını təşviq edər.
Hazırda ixtisas tədrisi aparan təhsil müəssisələri ilə yanaşı, müxtəlif özəl və ödənişli turizm kursları da fəaliyyət göstərir. Əlavə kadr hazırlığına baxmayaraq, turizm şirkətləri yenə də keyfiyyətli və təcrübəli əməkdaş axtarışında olur və mütəmadi olaraq vakansiyalar elan edirlər.
Bu kimi problemlərin aradan qaldırılması üçün güclü nəzarət mexanizminin qurulması, həm sənayedə çalışanların, həm də işəgötürən rəhbərlərin məsuliyyət və peşəkarlığının artırılması vacibdir. Zamanla meyarların formallaşması turizm sahəsinin peşəkar istiqamətdə inkişafına və xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB