"Yeni il ərəfəsində restoranlara tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olur" - TURİZM EKSPERTİ

"Yeni il ərəfəsində insanların bayramı evdə və ya restoranlarda keçirməsi birbaşa olaraq xidmət sektorunda qiymət dəyişkənliyinə təsir göstərən əsas faktorlardan biridir. Turizm və xidmət sahəsi bayram günləri hər zaman tələbin kəskin artdığı dövrdür və bu artım qiymətlərin formalaşmasında ciddi rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə, yeni il günü restoranlara, hotel restoranlarına və əyləncə məkanlarına tələb xeyli yüksəlir: "İnsanların əksəriyyəti xüsusi menyular, canlı musiqi proqramları və bayrama uyğun atmosfer üçün restoranlara üz tutur: "Tələb artdığı üçün restoranlar həm xidmət, həm də bəzək, proqram və personal xərclərini nəzərə alaraq qiymətləri artırır. Bu, bütün dünyada müşahidə olunan normal turizm tendensiyasıdır. Evdə qeyd etməyi seçənlər üçün də qiymət fərqi açıq şəkildə görünür. Marketlərdə, xüsusilə də bayram süfrəsi üçün lazım olan ərzaqlar, şirniyyatlar, içkilər və dekorativ məhsulların qiymətində artım yaşanır. Çünki istehlak səviyyəsi artır və bu, təklif-tələb balansına təsir edir. Buna baxmayaraq, ümumilikdə evdə qeyd etmək restoranlardan daha sərfəli olur, lakin qiymətlərin hər il artması bu fərqi müəyyən qədər azaldır. Restoranlarda qiymətlərin bahalaşmasının səbəblərindən biri də xüsusi proqramların hazırlanmasıdır. Yeni il gecəsi üçün əlavə personal cəlb edilir, musiqiçilərə, aparıcılara ödəniş olunur, xüsusi dekorasiya edilir və menyular adi gündəlik menyudan fərqləndirilir. Bu da qiymətlərin yüksəlməsinə səbəb olur.

Turizm sektorunda ümumi tendensiya göstərir ki, Yeni il dönəmində həm yerli, həm də xarici turistlərin aktivliyi artır. Bu da hotellərin, restoranların və istirahət mərkəzlərinin doluluq səviyyəsini yüksəldir və nəticədə qiymət artımı qaçılmaz olur. Turist axını xidmət təklifini daha dəyərli edir. Yeni il tələbatın ən yüksək olduğu dövrlərdən biridir və bu səbəbdən həm ev, həm də restoran bayramlarının özünəməxsus qiymət fərqləri yaranır. Restoran və əyləncə məkanlarının qiymətlərinin artması əsasən xidmətin keyfiyyəti, xüsusi proqramlar və tələbin yüksəlməsi ilə bağlıdır. Ev şəraitində isə bazar qiymətlərinin bayramdan əvvəl yüksəlməsi daha çox hiss olunur. Bu proses turizm və xidmət sektorunun təbii iqtisadi dinamikasının bir hissəsidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə