"Qarabağ gələcəkdə perspektivli turizm bölgəsi olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"2020-ci ildə torpaqlarımız işğaldan azad olunan gündən etibarən, ölkə başçısının tapşırığı əsasında dövlətimiz tərəfindən bu bölgədə tikinti-bərpa işləri çox sürətlə aparılır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, ilk mərhələdə minadan təmizlənmə və təhlükəsizlik məsələləri, daha sonra isə paralel şəkildə tikinti-bərpa işləri, infrastrukturun qurulması və vətəndaşlarımızın "Böyük Qayıdış" proqramı çərçivəsində rahatlıqla öz evlərinə dönmələri üçün zəruri şəraitin yaradılması həyata keçirildi. Bu, ilkin mərhələdə ən vacib məsələlərdən biri olub və çox yüksək sürətlə icra olunmaqdadır: "Bildirmək istəyirəm ki, paralel olaraq turistlər üçün də bir çox işlər görülür. Bu bölgənin çox böyük turizm potensialı var və çox qısa müddətdə dövlətimiz tərəfindən artıq üç beynəlxalq hava limanı istifadəyə verilib. Logistika işləri sürətlə davam etdirilir, yeni yollar salınır. Eyni zamanda, bu günlərdə biz Bakı-Ağdam-Bakı dəmir yolu xətti üzrə qatarların ilk səfərini müşahidə etdik. Yeni otellər açılır. Ümumiyyətlə, bu bölgənin böyük həm yay, həm qış turizm imkanları var. Eyni zamanda müalicəvi turizm imkanları var. Bundan əlavə, son zamanlar dövlətimiz tərəfindən bir çox beynəlxalq tədbirlərin, sammitlərin məhz bu bölgədə keçirilməsi göstərir ki, Qarabağ gələcəkdə turizm baxımından çox perspektivli bir istiqamətə çevriləcək.

Düşünürəm ki, yaxın gələcəkdə bu bölgədə turistlərin sayında ciddi artım müşahidə edəcəyik. Təbii ki, ilk növbədə bizim vətəndaşlarımızın ora köçməsi, onların rifahının təmin olunması əsas prioritetdir. Amma bununla paralel şəkildə, qeyd etdiyim kimi, turizm üçün də çox böyük imkanlar bu bölgədə mövcud olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə