Yay mövsümündə turizmin yekun vəziyyəti və payız turizminin imkanları - AÇIQLANDI
“Cari ilin yay mövsümü əvvəlki illərlə müqayisədə daha az dinamik keçmişdir. Xarici turistlərin sayında azalma müşahidə olunmuş, bu isə otellərin doluluq göstəricilərinə də təsir etmişdir. Əksinə, daxili turizm kifayət qədər aktiv olmuş, xüsusilə regionlara olan tələbat yüksək səviyyədə qalmaqda davam etmişdir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.
Ceyhun Aşurov sözlərinə belə davam edib: “Azərbaycana gələn xarici turistlərin sayının azalmasının əsas səbəbləri regionda baş verən münaqişələr, siyasi gərginliklər və beynəlxalq hadisələrlə bağlıdır. Bu amillər ölkəyə turist axınının dinamikasına mənfi təsir göstərmişdir. Nəticədə avqust ayında əvvəlki illərlə müqayisədə əcnəbi turistlərin sayı nəzərəçarpacaq dərəcədə az olmuşdur.
Ümumilikdə, yay mövsümü turizmdə ən aktiv dövr hesab olunur. Bu tendensiya yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Lakin qarşıdan gələn payız mövsümü fərqli xüsusiyyətlərə malikdir. Payız mövsümü nisbətən sakit turizm dövrü olmaqla yanaşı, daha çox ailələrin, təqaüddə olan şəxslərin və sakit istirahətə üstünlük verən insanların seçimidir. Bu dövrdə sanatoriyalara üz tutanların sayı artır. Həmçinin həftə sonları ailələrin regionlara səfərləri, təbiət qoynunda istirahət, müxtəlif festivallar və tədbirlər turist hərəkətliliyinin əsas istiqamətlərini təşkil edir.
Payız fəslində universitet və məktəblərdə tədris prosesinin başlaması səbəbindən turizm yay mövsümündəki qədər intensiv olmur. Bununla belə, daha mülayim hava şəraiti, şəhərin dinamikasından uzaqlaşmaq istəyənlər üçün əlverişli imkanlar yaradır. Bu səbəbdən payız mövsümü həm ölkədaxili regionlarda, həm də xarici ölkələrdə daha çox müalicəvi və sakit istirahət məqsədi daşıyan səyahətlərin artması ilə xarakterizə olunur.
Nəticə olaraq, cari ilin yay mövsümü əvvəlkilərlə müqayisədə xarici turistlərin sayında azalma ilə müşayiət olunmuş, daxili turizm isə aktiv olaraq qalmaqda davam etmişdir. Payız mövsümü isə öz növbəsində sakit, müalicəvi və ailəvi istirahət formalarının üstünlük təşkil etdiyi bir dövr kimi qiymətləndirilə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə