Bayram günlərində milli parklara 6 mindən çox turist səfər edib

Bayram günlərində milli parklara 6 min 482 turist səfər edib. Bu barədə SİA-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib.

O bildirib ki, ekoloji turizm bütün dünyada ən populyar istirahət seçimidir: “Artıq deyə bilərik ki, ekoturizm Azərbaycanda da sürətlə inkişaf edir. Yerli əhali indi, əvvəlki illərdən daha çox təbiət qoynunda dincəlməyə önəm verir. Azərbaycanda böyük ekoturizm potensialına malik milli parklar şəbəkəsi var və əhalinin milli parklara səyahəti ildən-ilə artır".

Xidmət rəisi vurğulayıb ki, vətəndaşların milli parklara ziyarətinin inkişaf dinamikası əsasən tətil günlərində özünü biruzə verir: “Belə ki, bayram tətili günlərində ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara 6482 turist səfər edib ki, bu say ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Azərbaycanda zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik 10 milli park var”.

Bütün xəbərlər Facebook səhifəmizdə