Cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin sayı ümumilikdə 2 milyon 412 min nəfər olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. SİA xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında əks olunub. “Ölkəyə səfər edən əcnəbilərin təxminən 57 faizi Rusiya, Türkiyə, Gürcüstan və İrandan gələn ziyarətçilərin payına düşüb ki, müvafiq ölkələr üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb (müvafiq olaraq 18 faiz, 14 faiz, 7 faiz və 30 faiz). Gəlmə sayı üzrə ilk beşlikdə üçüncü olaraq qərarlaşan Hindistandan ölkəmizə səfər edənlərin sayı 214 min 713 nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir”, - deyə icmalda bildirilir.
Bununla yanaşı, müvafiq dövrdə Çin və Cənubi Koreyadan ölkəyə gələnlərin sayında 2 dəfəyə yaxın, Qazaxıstan və Pakistandan 1,5 dəfə, Türkmənistandan 1,3 dəfə, Özbəkistandan 1,2 dəfə, Omandan gələnlərin sayında 45 faiz, Səudiyyə Ərəbistanından gələnlərin sayında 23 faiz, Ukraynadan gələnlərin sayında isə 16 faiz artım müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə