Gürcüstanın beynəlxalq hava limanları (Tbilisi, Kutaisi, Batumi) cari ilin yanvar-iyun aylarında 3,2 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur.
SİA xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Gürcüstanın beynəlxalq bazarlarda tanıdılması istiqamətində aparılan aktiv marketinq kampaniyaları nəticəsində həm turist axını, həm də sərnişin axını xeyli artıb. “2024-cü ilin ilk altı ayında Gürcüstanın hər üç beynəlxalq hava limanı 3 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da tarixi maksimumdur", - deyə nazirliyin açıqlamasında deyilir.
İlin ilk altı ayında Gürcüstan hava limanları vasitəsilə yüklərin daşınmasının həcmi 23 faiz artaraq 11,02 milyon tona çatıb.
Gürcüstan hakimiyyəti bu il ölkəyə 7,9 milyon xarici turistin ziyarət edəcəyini, turizm gəlirlərinin isə 4,3 milyard dollardan (2023-cü il) 4,5 milyard dollara artacağını gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə