“Qiymətlərdə artım qaçılmazdır” - EKSPERT DANIŞDI

“İyun ayından etibarən bölgələrdə istirahət mərkəzlərində canlanma baş verib. İyunda artıq məktəblər, universitetlər bağlanmış olduğu üçün xarici turistlərin sayında da artım müşahidə olunur. Xarici turistlər həm Bakının tarixi, mədəni məkanlarını gəzir, həm də təbiəti ilə seçilən bölgələrimizə üz tuturlar”. Bu sözləri SİA-ya danışan turizm eksperti Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə, qiymətlərdə artım qaçılmazdır: “Adi vaxtlarla müqayisədə turizm mövsümündə qiymətlərdə 30-50 faiz artım olur. Bu, hər il baş verir. Xüsusilə son aylarda Bakı ilə bir sıra dünya şəhərləri arasında birbaşa reyslərin açılması, aşağı büdcəli uçuşların təşkili turist sayına ciddi təsir edib.

Qonşu Rusiyadan gələn turistlər həmişəki kimi üstünlük təşkil edir. Çünki Rusiyaya tətbiq olunan sanksiyalar rusların indi daha çox MDB ölkələrinə səfərlərinə səbəb olub”.

Ekspert qeyd edib ki, turizm sahəsində mərkəzdə olan keyfiyyət artıq yerlərdə də özünü göstərir: “Turizm şirkətləri tərəfindən bir çox seminarlar keçirilir, bu da xidmətin yaxşılaşmasına təkan verir. Müştəri məmnuniyyəti daim ön planda olmalıdır. Bu il turizm mövsümünün daha çox davam edəcəyi gözlənilir. Noyabr ayında COP29 tədbiri ilə bağlı turizm mövsümü pik həddinə çatacaq. Bu da turizm gəlirlərinin artmasına və turizmdən yararlanan yanaşı sektorların inkişafına müsbət təsir göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə