İstirahətimizi daha ucuza başa gətirmək üçün nələrə diqqət etməliyik? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“İstirahət üçün tur paketləri ilin əvvəlində - yanvar, fevral aylarında almaq daha sərfəlidir. Bu aylarda alınan tur paketlər daha ucuz olur. Həm də əvvəldən alarkən ödənişi iki hissəli etmək olur. İlkin ödəniş edilir, daha sonra səfərə gedəcəyiniz tarixdən bir həftə əvvələ qədər geri qalan məbləğ ödənilir”. Bu sözləri SİA-ya danışan turizm eksperti Əziz Şiriyev deyib.

Ekspert bildirib ki, indi dünyanın bütün turizm mərkəzləri daha ucuz quymətlərlə insanlar üçün əlçatan olub: “Turizm şirkətləri qrup şəklində turlar təşkil edir. Bunlar isə daha ucuz, sərfəli və təhlükəsizdir. Məsələn, siz bu paketləri seçərkən baqaj problemi, dil problemi, getdiyiniz yerlərin naviqasiyası ilə bağlı problem yaşamırsınız. Qrup şəklində turlarla istənilən turizm şəhərinə səfərlər təşkil olunur”.

Əziz Şiriyev əlavə olaraq qeyd edib ki, ilk olaraq həmin turizm şirkətlərinin ofisinin olmasına, Turizm Assosasiyasına üzv olub-olmamasına diqqət etmək lazımdır: “İndi Assosasiyaya üzv olmaq çox çətindir. Çünki onlar öz üzv şirkətlərinin məsuliyyətlərini daşıyırlar. Hələki dövlət səviyyəsində turizm şirkətlərinə ciddi təzyiqlər yoxdur. Ancaq düşünürəm ki, dövlətin də bu sahədə tələbi artacaq. Ona görə də turizm şirkətlərinə məsləhət edərdim ki, öz işlərini indidən qaydaya qoymağa başlasınlar ki, sabah heç bir çətinliklə qarşılaşmasınlar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə