Azərbaycanda kənd turizminin inkişafı üçün hansı addımlar atılmalıdır? - EKSPERT FİKİR BİLDİRDİ

"Azərbaycanda kənd turizminin inkişafını bölgələrdə, xüsusən də ucqar kəndlərdə yaşayan insanların rifahının yaxşılaşdırılması üçün atılan addım kimi qiymətləndirmək lazımdır. Ölkə rəhbərliyinin turizm sənayeçilərinin qarşısında qoyduğu tələb və tapşırıq da çox mühümdür. Xüsusilə, bölgələrdə və kəndlərdə turizmin inkişafı, eləcə də "Şəhərdən kəndə" layihəsini qeyd etmək lazımdır. Bunların hamısı kənd turizminin inkişafından xəbər verir". Bu sözləri SİA-ya danışan turizm eksperti Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın ucqar bölgələrində yol infrastrukturundan ən yüksək səviyyədə qurulması bölgələrə turist axınını mütəmadi hala gətirir: "Bölgələrdə işləyən fermerlərin də fəaliyyəti çox mühümdür. Çünki yerli və xarici turistlər bölgələrə səfər edərkən həmin fermerlərin təsərrüfatından yararlanırlar".

Ekspert qeyd edib ki, bölgələrdə festivalların keçirilməsi də kənd turziminin inkişafına səbəb olar: "Nəzərə almaq lazımdır ki, turistlər festivallara qatılır və ya kənd təsərrüfatı məhsullarından istifadə edirlər. Bunun da kənd təsərrüfatına böyük dəstəyi olur. Hesab edirəm ki, kənd turizminin inkişafı üçün dağ-xizək turizmi, kənd təsərrüfatı məhsullarının sərgisi, at yarışları və yaylaqlarda milli döyüşlər keçirilə bilər. Həmçinin, Qarabağa da turist axını cəlb etmək üçün sözügedən addımları atmaq olar. Arıçılıq və qoyunçuluqla məşğul olanlar yaxın gələcəkdə işğaldan azad olan bölgələrə üz tuta bilərlər. Hesab edirəm ki, Laçında, Kəlbəcərdə, Zəngilanda bu istiqamətdə addımların atıla bilər.

Bununla yanaşı, yaylaqlarda kabab və ya kənd təsərrüfatı məhsullarının satışı kimi festivallar keçirilə bilər. Hər il bölgələrdə belə festivallar keçirilməsi yerli və xarici turistlərin böyük marağına səbəb olar. Bu da bölgələrdə və kəndlərdə yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə müsbət təsir edəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə