"Problemin əsas səbəbi turistlərin məsuliyyətsiz davranışıdır" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Problemin əsas səbəbi turistlərin məsuliyyətsiz davranışıdır. Çox zaman turistlər bildirişlərə məhəl qoymayaraq, bələd olmadıqları ərazilərdə, dərin meşəliklərdə, dağlıq bölgələrdə, təhlükəli sayılan zonalarda gəzintilər həyata keçirirlər. Bir də görürsən, üç nəfər, beş nəfər bir-birinə qoşulub, naməlum ərazilərdə haykinq etmək niyyətinə düşüb. Həmin macəranın sonu bəzi hallarda onların öz yolunu itirməsi, azması ilə nəticələnir. Turistlər hədəf olaraq müəyyənləşdirdikləri yerlərə çatsalar da, geri dönüşdə problemlər yaşayırlar, yaxud yırtıcı heyvanlara rast gəlir, təhlükə qarşısında qalırlar. Buna görə turistlərə həmişə tövsiyə edirik ki, dağlarda gəzintilər zamanı peşəkar turizm şirkətlərinin xidmətlərindən və bələdçilərdən istifadə etsinlər. Çünki tanımadığın, bələd olmadığın yerə mütləq bələdçi ilə getməlisən". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, bələdçi harada təhlükə var, hansı yollarla getmək olar, bir nöqtədən digər nöqtəyə uzanan cığırlar, meşə, dağlıq ərazilərdəki istiqamətlər hansılardırsa, bunları bilir: "Həmçinin, haykinq üçün lazımi ləvazimatlar nələrdir, dağa gedərkən nə götürülməlidir, bu barədə məlumat verirlər. Peşəkar yanaşma bu cür olmalıdır və turistlərin əksəriyyəti fərdi şəkildə gəzintiyə çıxarkən bunlara əməl etmir”.

Ceyhun Aşurov onu da qeyd edib ki, meşəlik ərazilərdə istiqaməti itirməmək üçün müxtəlif işarələrdən istifadə etmək olar: “Xüsusən, təhlükəli zonalarda, meşəlik, dağlıq bölgələrdə təhlükəni xəbər verən, istiqaməti göstərən müəyyən işarələr var ki, onlardan istifadə olunması məsləhətdir. Ərazidə xəbərdaredici nişanların olması meşənin dərinliklərinə, nabələd hissələrə təkbaşına getmək istəyən turisti çəkindirər, təhlükənin qarşısını alar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə