"Bu kimi xərclər reklam, marketinq xərclərinə daxildir" - AYDINLIQ GƏTİRİLDİ

Dövlət Turizm Agentliyi Azərbaycana 20 ölkədən turizm sənayesi tanıtım səfərlərini təşkil edilməsini planlaşdırır. Bu Azərbaycan turizminə hansı töhfələri verəcək? SİA olaraq mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurovun fikrini öyrəndik.

Onun sözlərinə görə, bu dünya praktikasında olan bir təcrübədir: “Xüsusilə də son dövrlərdə bir çox ölkələr, yaxud turizm məkanları həmin ərazinin maraqlı, görməli, turistləri cəlb edəcək yerlərini göstərmək üçün turizm bloggerlərindən, yaxud da tanınmış insanları dəvət edirlər. Həmin ərazilər sosial şəbəkələrdə yüksək izləyici kütləsi olan şəxslər vasitəsilə böyük auditoriyalara göstərilir. Verilən qərar çox məntiqlidir. Nəzərdə tutulan 20 ölkədən, şərqi və qərbi Avropa ölkələrindən, körfəz ölkələrindən olan tanınmış insanlar Azərbaycana dəvət edilir. Hazırda dəvət edilən insan sayı 200 nəfərə qədər nəzərdə tutulub. Amma bu say daha da artırılarsa daha çox effekt verə bilər”.

Ekspert bildirib ki, gəlirlərində turizm çəkisi böyük olan ölkələr bu cür addımları mütəmadi olaraq atırlar: “Bu addımlar vasitəsilə ölkələrin turizm potensialı dünyaya tanıdılır. Tanınmış insanların xərclərini qarşılayaraq onlar vasitəsilə ölkənin maraqlı tərəflərini göstərmək ölkəyə əlavə axın yaradır. Bu kimi xərclər reklam, marketinq xərclərinə daxildir. Ona görə də hədəf bazarına yönəlik olaraq doğru addımlar atılarsa, ölkəyə daha çox turistin gətirilməsinə nail ola bilərik. Hətta qarşı tərəfin verdiyi şərhlərdən bizdə olan çatışmazlıqları da gələcək turistlər üçün aradan qaldıra bilər və özümüzü daha əlçatan turizm destinasiyası kimi doğru şəkildə təqdim edə bilərik. Bunlar görülən addımlardan biridir və davamlı olmalıdır. Çünki dünya praktikasında bu kimi addımlar atılır, böyük sərgilər, tədbirlər təşkil olunur. Oraya gələn bəzi heyətlərin bütün xərcləri dəvət edən ölkə tərəfindən ödənilir. Məqsəd də odur ki, gələn heyət öz hədəf kütlələrində turizm məkanını təbliğ etməklə məşğul olsunlar. Bu proses yekunda onlara da maraqlı olur. Amma qeyd olunan məsələ daha çox turizm bloggerlərini, tanınmış insanları əhatə edir. Nəticədə ərazinin müxtəlif versiyalarla tanıdılması sayəsində ölkə turizm nöqteyi-nəzərdən bir daha kəşf edilir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə