"Həmin ərazilər bugünkü şərab marşrutlarının üzərindədir" - EKSPERT BİLDİRDİ

Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur. Bu Azərbaycanın şərabçılıq turizminə necə təsir edəcək? SİA olaraq mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurovun fikrini öyrəndik.

Onun sözlərinə görə, müxtəlif turizm platformalarında Azərbaycanın təmsil olunması yaxşı haldır: “Çünki bu qarşılıqlı əlaqələrin yaranmasına xidmət edir. Düzdür Azərbaycan enoturizm yəni şərab turizmi sahəsində o qədər də tanınmır. Amma tarixən də burada alman irsinin izləri ilə bağlı şərab marşrutları, şərab ənənəsi olmuşdur. Onunla bağlı da Azərbaycanın müxtəlif bölgələrində indi də şərab istehsalı olunur. Azərbaycan şərabları daxili bazarla yanaşı dünyanın bir neçə yerinə də ixrac edilir. Bu baxımdan turizmin çeşidliliyi nöqteyi-nəzərdən Azərbaycanın şərab marşrutlarının işlənməsi, mövcud marşrutların təblğ olunması, xarici turistlərə təqdim edilməsi yaxşı haldır. Bu imkanların olması üçün də ayrıca turizm seqmenti var. Hansı ki, bu məqsədlə müxtəlif səyahətlər həyata keçirilir. Enoturizmdə də əsas məqsəd məhz şərabçılıq turizmində mənbənin, istehsalat olan yerin yaxınlığında turistlərin səyahət edərək şərabla tanış olması və ala bilməsidir”.

Ekspert bildirib ki, tarixən də Azərbaycanda alman məskənləri, o məskənlərin də şərabçılıq ənənələri olub: “Hətta həmin ərazilər bugünkü şərab marşrutlarının üzərindədir. Azərbaycana gələn xarici turistlərin arasında marağı olanlar üçün belə bir şərab turizmi marşrutlarının təqdim olunması əlavə çeşidlilik rolu oynayır. Bununla da biz turistlər, xüsusən qastronomiya ilə maraqlanan müxtəlif ölkələrin mətbəxinə, şərab turizminə marağı olan turistlər üçün yaxşı bir haldır. Bu Azərbaycan turizm marşrutunun inkişaf etməsinə, turistlərin həmin yerlərə gedərək istehsalatla tanış olmasına, şərab alışına, yerlərdə ticari dövriyyəyə də müsbət təsir göstərə bilər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə