"Prezidentin uzaqgörənliyi sayəsində Azərbaycan turizm destinasiyası kimi tanınır" - SƏDR BİLDİRİB

"2023-cü ilin ümumilikdə ölkə turizminin inkişafı, turizm sənayesinin bərpası, xüsusilə Azərbaycanın qlobal turizm arenasında tanıdılması baxımından uğurlu il olduğunu deyə bilərik. Bildiyiniz kimi, iqtisadiyyatın dəyər zəncirinə daxil olan sahələrin böyük bir qismini özündə birləşdirən turizm qeyri-neft sektorunun aparıcı qolu olaraq ölkə iqtisadiyyatının inkişafında xüsusi mərkəzlərdən birinə çevrilib". SİA xəbər verir ki, bu sözləri Turizm Sənayesi Subyektlərinin Forumunda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

Sədr bildirib ki, ölkənin müsbət imicinin formalaşdırılmasında, eləcə də məşğulluğun təmin olunmasında, biznes mühitinin genişləndirilməsində əhəmiyyətli rol oynayır: "Müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin turizm sahəsinə ayırdığı xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda turizm yeni bir dövrə qədəm qoydu. Onun verdiyi qərarlar, xüsusi tapşırıqlar ölkəmizdə turizmin inkişafına təkan verdi.

Görülən işlərin nəticəsində həm ölkəyə səfər edən turistlərin sayında artıma nail olundu, həm də yerli vətəndaşların xarici ölkələrə səfər etməsi asanlaşdı. Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndərin turizm sahəsində başladığı işi cənab Prezident İlham Əliyev böyük əzmkarlıq və uğurla davam etdirir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bugünkü gündə Azərbaycan turizm destinasiyası kimi tanınmaqdadır".

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində turizm və ictimai iaşə sahəsində 19 dəfə artıma nail olunub: "Bu dövr ərzində ölkəmizə səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə