Azərbaycanda ekoturizmin xidmətləri əlverişlidir? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Ekoturizm adından da göründüyü kimi, təbiət və ətraf-mühitlə əlaqəli bir sektordur. Bu turizm növü insanların təbiətə zərər vurmamaq şərtilə müxtəlif təbii ərazilərə səfər etmək, oranın biomüxtəlifliyi ilə tanış olmaq səbəbi ilə edilən məqsədyönlü turlardır. Təbii ki, bu aktual turizm növüdür". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Ekoturizm Assosiasiyası yaradılıb və ekoturlar təşkil olunur: "Geniş yayılmasa belə xüsusi turist seqmentləri çərçivəsində Azərbaycanın müxtəlif təbii ərazilərinə turlar təşkil olunur.

Eyni zamanda, aqroturizmin də ekoturizmlə sıx əlaqəsi var. Dünyada pandemiyadan sonrakı dövrdə insanların təbiətə, açıq ərazilərə, bitki aləminə və s. daha çox marağı artıb. Azərbaycanda turistlər üçün ekoturizm xidmətləri mövcuddur. Doğrusu, deməzdim ki, ölkədə ekoturizm xidməti çox geniş yayılıb. Bu xidmətlərin əlverişli olması onu təşkil edən təşkilatdan və ya tur şirkətindən, onun iştirakçılarından asılıdır".

"Bildiyiniz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe olan bir sıra qoruqlar var ki, əvvəlki dövrlərdə o ərazilərə turistlərin girişi ilə bağlı müəyyən suallar var idi. Düşünürəm ki, artıq bu məsələlərə aydınlıq gətirilib. Əlbəttə ki, burada ilk məqsəd təbiəti qorumaq, ona ziyan vurmamaq, biomüxtəlifliyə zərər verməməkdir. Ekoloji turun da əsas məqsədi təbiətə zərər vurmadan səfər həyata keçirməkdir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə