Birgünlük kirayə evlər 20-60 manata təklif olunur

Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindən biri də Gədəbəy rayonudur. Bu dağlıq rayonun zəngin təbiəti, tarixi abidələri, əsrarəngiz coğrafi məkanları var. Rayona gələnlər buranı təkcə yay aylarında seçmir, soyuqlar düşəndə, qarlı günlərdə də bura üz tuturlar. Qış turizmi üçün geniş imkanları olan rayonda bir neçə marşrut üzrə gəzməli, görməli məkanlar var.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Gədəbəy rayonunda qış turizmi üçün əlverişli şərait yaranıb. Elə ki, havalar soyudu, qar yağdı, insanların bu ərazilərə axını müşahidə edilir. Müxtəlif rayonlardan bura istirahətə gələnlərin sayı yetərincə olur. Bunun üçün kifayət qədər otellər və fərdi evlər də var.

Rayonun gözəl iqlimi ilin bütün fəslində turistlərin diqqətini özünə çəkir. Payızın sonlarına qədər havanın mülayim, isti keçməsi, eyni zamanda, mövsümün ilk qarının Gədəbəyə də yağması bura gələn qonaqların sevincinə səbəb olub. Qışda Gədəbəyə gələrək, burada dincəlməyi seçənlər əsasən şəhərdə yaşayanlardır. Bundan başqa, qışda havası quraq keçən rayonlardan qarlı günlərdə Gədəbəyə üz tutanlar da çoxdur. Elə Emin və Ruslan da Gədəbəyə qarın yağdığı xəbərini eşidər-eşitməz rayona istirahət üçün gələnlərdəndir. “Azərbaycanın səfalı yerləri çoxdur. Onlardan biri də Gədəbəy rayonudur. Buranın yayı başqa gözəl olur, qışı başqa gözəl... Qar yağdığına görə bura dostlarla gəlmişik. Bir az əlimiz, ayağımız qara dəysin, istirahət edək. Bizim burada qohumlarımız da var. Tez-tez gəlib qalırıq”, - deyə Sumqayıt sakini Emin Namazov bildirib.

Gədəbəyə qonaq gələn Ruslan Abbasov isə deyir ki, həm istirahət etmək, həm də şəhərin səs-küyündən uzaqlaşaraq dincəlmək üçün bu rayonu seçib: “Buranın havası olduqca təmiz və gözəldir. Qalmaq üçün kirayə evlər də var. Maraqlanmışıq, ailə ilə qalmaq üçün hər cür şəraiti var. Qiymətlər də evin şəraitindən asılı olaraq dəyişir”.

Düzyurd-Miskinli yaylasını və kəndin göz oxşayan mənzərəsini yağan qar daha da gözəlləşdirir. Gədəbəydə turistlərin ən çox üz tutduğu məkanlardan biri də Miskinli kəndidir. Kiçik Qafqaz silsiləsinin şimal-şərq yamacında yerləşən bu kəndin ərazisi tarixi abidələr və sərin bulaqlarla zəngindir. Ən məşhur abidəsi isə Koroğlu və ya Cavanşir qalası adlanan abidədir. Bu abidəyə ancaq piyada qalxmaq olur. Qışda bu bölgəyə gəzməyə gələnlər çox olur. Sakinlər deyirlər ki, Yeni il ərəfəsi və qeyri-iş günlərində qonaqların sayı daha çox olacaq. Elə indidən sakinlər hazırlıqlarını görüblər. Miskinli sakinlərinin məşğuliyyəti isə heyvandarlıq və əkinçilikdir.

Fərdi evlər otellərə nisbətən ucuz təklif olunur. Günlük qiyməti təxminən 20-25 manatdan 60 manata qədərdir.

Qarın yağması bu yerlərin təbiətinə gözəllik qatmaqla yanaşı, həm də ruzi-bərəkət gətirir. Sakinlərin sözlərinə görə, bu il rayona qar hələ bir az gec yağıb. Bu bölgəyə adətən oktyabrdan qar yağır.

“Qışda qalmaq üçün yaxşı şəraiti olan evlərimiz var. Əsas mövsüm bayram tətillərində başlayır. Qarşıdan Həmrəylik günü və Yeni il gəlir. Qeyri-iş günləri olacaq. Düşünürəm ki, həmin günlərdə burada turizm sektorunda canlanma olacaq”, - deyə Miskinli kənd sakini Rövşən Məmmədov vurğulayıb.

İl ərzində Gədəbəyin Düzyurd-Miskinli yaylağı istiqamətində, eləcə də digər ərazilərə 10 minlərlə insan dincəlməyə gəlir. Buraların insanları da olduqca qonaqpərvərdir. Evini kirayə verənlərlə yanaşı, qapılarını təmənnasız qonaqların üzünə açanlar da az deyil.

Gədəbəydə mövsüm vaxtı tarixi məkanlara turistlərin marşrutlar üzrə atla və piyada, eləcə də avtomobillə ziyarəti də təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə