Qış turizmi neçəyə başa gəlir? - EKSPERT AÇIQLADI

"Artıq havalar soyuyur və qış fəslinə yaxınlaşırıq. Bu vəsilə ilə turizmdə də qış mövsümünə keçid dövrüdür. Müəyyən regionlarda qar yağdığını da eşidirik. Bütün bunlarla yanaşı yeni il ərəfəsində tətil günlərində insanlarımız qış fəslini yaşamaq üçün regionlara səfər edirlər. Bu özünü qarşıdan gələn bayram günlərində daha çox göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: "Buna müvafiq olaraq həmin dövrdə baxmayaraq ki insanların daha çox hissəsi yayda istirahət edir. Amma qış mövsümündə də məhz qış turizmini yaşamaq üçün səyahətə çıxırlar.

Qışda müəyyən turist seqmenti var ki, onlar qış turizm məhsullarından olan kanat, xizək və dağdan sürüşməyə üz tuturlar. Belə bir təsisat Azərbaycanda üç böyük məkanda standartlara cavab verir. Bunlardan Naxçıvanda Ağbulaq, Tufandağ və Şahdağı nəzərdə tuturam. Burada kanat qiymətləri də müxtəlifdir. Təxminən qiymətlər bir-birinə yaxındır. Bu turistin öz seçiminə bağlıdır. Turist bütün qış turizm məhsullarından istifadə edirsə bu təxminən 90-100 manata başa gəlir. Əgər yalnız kanatdan istifadə edirsə, bu da 20-30 manat aralığında dəyişir. Bunu həmin təsisatlar öz sosial şəbəkələrində müəyyən period aralıqlarına uyğun, tələbatın yüksək və ya aşağı olmasına, tətil günlərinə görə qeyd edirlər. Qiymətlər uşaqlar və böyüklər üçün fərqlidir.

Aydın məsələdir ki, tələbatın yüksək olduğu tətil günləri ümumiyyətlə həftəsonu qiymətləri digər günlərə nisbətən daha yüksəkdir. Bunun səbəbi də bazar qanunlarına görə tələbatdır. Çünki bu zaman insanların qeyri-iş günləri və asudə vaxtları olur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə