Qış turizm mərkəzlərində istirahət nə qədər əlverişlidir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Qış turizm mövsümünün hələ elan olunmamasına baxmayaraq, demək olar ki, bir neçə gündən sonra qış turizmi aktuallaşacaq. Qış turizmi dedikdə isə sadəcə dağ, xizək yox, təbiətin seyri, qara şahid olmaq, qış turizm fəaliyyəti ilə məşğul olmaq nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda xizəklə bağlı dünya standartlarına cavab verən Şahdağ və Tufandağ kimi 2 böyük mərkəz var: “Təkcə, xizəkdən istifadə etmək yerlərinin məhdud olmasına baxmayaraq, oraya yaxınlıqda qalıb həmin təsisatın imkanlarından istifadə etmək olar. Xüsusilə, tətil günləri və qeyri-iş günlərində bu sahəyə tələbat daha da artır".

Ekspert bildirib ki, qiymətlərin keçən ilə nisbətən baha olma ehtimalı yoxdur: “Çünki hər il artan tələbatla əlaqədar olaraq, bazarda yeni təsisatlar, yerləşdirmə yerləri açılır, otellərin tikintisinə başlanılır. Məhz belə yerlərdə adı çəkilən müəssisələrdə qalmadan da həmin əraziyə yaxın olan kənd evlərində, yeni açılan otellərdə daha münasib qiymətə qalmaq imkanı var. Bu imkanlardan yerli və xarici turistlər yararlanırlar. Qış fəsli yaşanmayan ölkələrin vətəndaşları qışı yaşamaq, qarı görmək üçün Azərbaycan kimi ölkələrə gəlirlər, dağlıq rayonlarda qarı seyr edib, oynayıb, əylənirlər”.

"Turizm sektoru hər il olduğu kimi qış mövsümünə hazırdır: "Xüsusilə, qarşıda olan tətillər, yeni il ərəfəsində təsislər, müxtəlif şou proqramlar hazırlanır. Bildiyimiz kimi, pandemiya dövründə bunlar mümkün deyildi,toplaşmaq qadağan idi. Son bir neçə ildir ki, belə proqramlar hazırlanır və əhaliyə təklif olunur. Hər il bu cür proqramları hazırlayan restoranlar, böyük otellərdə olan proqramların sayında artım görünür ki, bu da turistlərimiz üçün əlavə seçim imkanları yaradır. Hər kəs öz büdcəsinə uyğun, müqayisəli olaraq daha əlverişli əyləncə imkanlarından faydalana bilirlər", - deyə ekspert əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə