"Gələcəkdə turizm marşrutları üçün rahat məkanlar inşa olunmalıdır" - EKSPERT İZAH ETDİ

"Ümumiyyətlə qeyd etmək lazımdır ki, azad olunmuş ərazilər bizim üçün tam yeni bir ərazilər kimidir. Orada infrastruktur demək olar ki, sıfırdan qurulur. Yeni hava limanları inşa olunur, yeni yollar çəkilir, evlər tikilir, ağıllı kəndlər salınır. Bütün bunlar üçün əslində əlverişli şərait var ki, gələcəkdə turizm marştrutları üçün rahat məkanlar inşa olunsun". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, yeni salınan azad iqtisadi zonalar və yaxud yeni inkişaf etməkdə olan boş ərazilərdən yaranmış, sonradan turizm məkanına çevrilmiş ölkə buna nümunə ola bilər: "Bu, sırf müharibədən sonrakı vəziyyət kimi yox, boş bir ərazinin sonradan turizm ərazisinə çevrilməsi baxımından imkanlar dəyərləndirilə bilər. Əlbəttə ki, bu təcrübədən faydalansaq da biz lokal bir sıra faktorları nəzərə almalıyıq. Uzun müddət təhlükəsizlik üçün minadan təmizlənmə işləri görülməlidir, müasir yollar olmalıdır. Hər şey kifayət qədər müasir standartlara cavab verən səviyyədə olacaq".

Ekspert sözlərinə davam edərək bildirib ki, həmin ərazilərdə yeni otellərin inşası nəzərdə tutulur: "Əvvəldən ənənəvi olan isti su ilə bağlı sağlamlıq, turizm məhsulları, sağlamlıq turizmi sanatoriyalarının tikilməsi nəzərdə tutulur. Yaşıl turizm, kənd turizm və s. bunlar üçün xüsusi xarici təcrübələr araşdırılmaqla bərabər yerli vəziyyətin relyef, iqlimi və yerli şərtlər nəzərə almaqda fayda var. Düşünürəm ki, burada bir yox, bir neçə nümunədən istifadə oluna bilər.

Konkret turizm bölgəsi elan edilən ərazilər buna misal ola bilər. Gürcüstan və yaxud Türkiyə misalında bu kimi ərazilər var. Amma tam buna oxşar deyil. Məsələ bundadır ki, işğaldan azad olunmuş ərazilər tək turizm zonası deyil. Həmin ərazilərdə turizm fəalliyəti, turizm məhsullarının da olması şərtdir. Eyni zamanda turizm obyektləri tarixi nümunələrə, memarlıq abidələrinə və digər təbiət imkanlarına görə orada turizm məhsulları da mütləq olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə