Halal turizmin inkişafına mane olan səbəblər NƏLƏRDİR? - EKSPERT FİKRİ

"Halal turizm dedikdə müəyyən dini şərtlərə əməl olunan və bu şərtlər çərçivəsində həyata keçirilən turizm fəaliyyəti başa düşülür. Dünyada xüsusi bir turist seqmenti var ki, onlar daha çox islam ölkələrindəndir. İslam ölkələri vətəndaşlarının səyahət üçün həm maddi vəsaitləri, həm də xüsusi istəkləri var. Ona görə də onlar ailə üzvləri ilə səyahət edərkən dini ayinlərini rahat icra edəcək məkanlara üstünlük verirlər". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu seqmentdən olan turistlər üçün şərait yaradılıb: "Dünyada müsəlmaların sayı 2 milyarda yaxındır. Bu göstərici getdikcə artmaqdadır. Eyni zamanda, çox zəngin islam ölkələri var və onların vətəndaşları böyük məmnuniyyətlə turizmin inkişaf etdiyi bölgələrə səfər etmək istəyirlər. Amma onlar öz mənəvi-dini dəyərlərinə uyğun olan ölkələri seçirlər. Bununla əlaqədar Türkiyədə, Malayziyada və digər bir sıra turistik ölkələrdə halal konsepti yaradan iş adamları var. Əslində, bu seqment digər ümumi turist axını olan seqmentlərdən müəyyən şərtlərə görə daha baha satılır. Halal turizm biznes olaraq da gəlirli sahələrdən biridir".

Ekspert sözlərinə davam edərək bildirib ki, Azərbaycanda sadəcə müəyyən islami qruplarla çalışan bəzi turizm şirkətləri var: "Amma onların sayı barmaqla sayılacaq qədər azdır. Baxmayaraq ki Azərbaycan islami dəyərləri yüksək olan bir ölkədir. Ümumi götürdükdə Azərbaycanda Ümumi Daxili Məhsulda turizmin payı elə də çox deyil. Turizmin iqtisadiyyatda payı böyük olmadığı üçün dərin seqmentləşmənin olmaması anlaşılandır. Gələcəkdə ölkəyə gələn turistlərin sayı artdıqca bu seqmentləşmə həyata keçirilə bilər. Əsasən halal turizm və başqa növlərin çeşidlənməsi turizm sahəsində daha ciddi rəqabətin mövcud olduğu ölkələrdə baş verir. Bu rəqabətin nəticəsi olaraq müxtəlif turist seqmentlərinə uyğun məhsullar yaradılır ki, onlardan da biri halal turizmdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə