"Beynəlxalq tədbirlərin Şuşada keçirilməsi turizm baxımından əhəmiyyətlidir" - EKSPERT DANIŞDI

"İqtisadi Əməkdaşlıq Təşkilatının Ərdəbildə keçirilən görüşündə "Ərdəbil Bəyannaməsi" qəbul olundu və Şuşa turizmin paytaxtı seçildi. Azad olunduqdan bugünədək Şuşada görülən işlərin hər birində "Qarabağ Azərbaycandır" mesajları verilsə də, eyni zamanda, turistlərin cəlb olunması üçün yeni imkanlar yaradılır". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə xüsusi turizm marşrutu üzrə səyahətlər təşkil olunur: "Bəzi turizm şirkətləri artıq bunu həyata keçirməkdədir. Eyni zamanda, müxtəlif mədəni beynəlxalq tədbirlərin də məhz Şuşada keçirilməsi turizm sahəsinin inkişafı üçün də əhəmiyyətlidir".

Ekspert sözlərinə davam edərək bildirib ki, bu beynəlxalq tədbirlər o ərazidə artıq təhlükənin sovuşduğunu da göstərir: "Bu mənada Şuşada keçirilməsi, 2026-cı il üzrə turizm paytaxtı elan olunması gələcəkdə də daha çox müxtəlif istiqamətdə beynəlxalq tədbirlərin keçirilməsi üçün şərait yaradır. Bu o deməkdir ki, hər il Şuşanın turizm destinasiyası kimi tanıtımı məqsədilə bir çox işlər görüləcəkdir. İmkan olduqca oraya gələn turistlər işğaldan azad olunmuş digər ərazilər və tarixi faktlara şahidlik edə biləcəklər. Bu, həm də Azərbaycanın öz haqq səsini doğru şəkildə dünyaya duyura bilməsində müsbət bir faktordur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə