"Dövlət Turizm Agentliyinin statistik açıqlamasında da yanvar-avqust aylarında Azərbaycana gələn əcnəbilərin sayının 1 milyonu keçdiyi qeyd olunub. Bu rəqəm əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 37% daha çoxdur. Əslində, bu gözlənilən idi. Turizm ekspertləri də qeyd edirdilər ki, ötən ilə nisbətən 2023-cü ildə turizmdə daha çox aktivlik hiss olunacaq. Bildiyiniz kimi, pandemiyadan sonra bir çox məhdudiyyətlər artıq aradan qalxır. Bununla da dünyadakı səyahətlərin sayı artmaqdadır. Bir sıra regionlar var idi ki, nəinki quru sərhədlərdə, hətta hava nəqliyyatında məhdudiyyətlər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycanın quru sərhədləri bağlıdır, amma turistlərin sayında artım müşahidə edilir: "Ümumdünya Turizm Təşkilatının hesabatlarında da qeyd olunurdu ki, bu il pandemiyadan öncəki dövrlə müqayisədə turizmin təxminən 80%-ə qədər bərpa olunacağı gözlənilirdi. Ötən il Azərbaycanda turizm bərpası 50% oldu. 2023-cü ildə bu göstəricinin daha çox olacağı gözlənilir. Əslində, Azərbaycanda turist potensialı daha çoxdur. Dövlət Turizm Agentliyinin açıqlamalarında da qeyd olunur ki, 2026-cı ilə qədər turist sayı daha da artacaq və bu yöndə müxtəlif işlər görülür".
Ekspert sözlərinə davam edərək bildirib ki, istər prosedur qaydalarının asanlaşması ilə, istər infrastruktur baxımından turistlərin qəbuluna hazırlıqla bağlı, istərsə də uçuş nöqtələri, beynəlxalq hava limanlarının fəaliyyəti ilə bağlı müəyyən işlər aparılır: "Düşünürəm ki, bunlar gələcəkdə öz bəhrəsini verəcək və Azərbaycan yaxın bir neçə ildə indikindən qat-qat çox əcnəbi turist qəbulunu həyata keçirəcəkdir. Nəzərə alsaq ki, Qarabağla bağlı müxtəlif layihələr həyata keçirilir. Həmin ərazidə bir neçə hava limanı fəaliyyət göstərəcək. Qarabağın tamamilə təhlükəsiz məkan olduğu dövrdən başlayaraq istər daxili, istər xarici turist axınını müşahidə edəcəyik".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə