Əcnəbi turistlər Azərbaycanda hansı tibbi xidmətlərə üstünlük verirlər? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Hər il Azərbaycana artan templə əcnəbi turistlər səyahət edir. Pandemiyadan sonrakı dövrdə də bu temp davam edir. Amma son dövrlərdə biz sağlamlıq və ya tibbi turizmlə bağlı müzakirələrin daha çox şahidi oluruq. Əcnəbi turistlər bu səbəbdən də ölkəmizə üz tuturlar. Onlar daha çox estetik tibbi xidmətlərdən faydalanırlar. Görünən odur ki, bizdə bununla bağlı müəyyən ixtisaslaşma var". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, ölkəmizdə qiymətlər də münasibdir, eyni zamanda xidmətlər də xaricdə olandan geridə qalmır: "Əslində, qiymət baxımından tibbi xidmətdə daha çox üstünlüklərimiz var. Sadəcə daha sistemli yanaşma bizi digər xarici ölkələrdən fərqləndirə bilər. Qiymət faktoru vacib olduğu kimi, keyfiyyət baxımından müəyyən standartlara cavab verən xidmətin olması da önəmlidir. Əcnəbilərin ölkəmizdəki sağlamlıq turizmindən yararlanması üçün şərait yaradılmalı və doğru şəkildə təqdim etmək lazımdır".

Ekspert sözlərinə davam edərək bildirib ki, Azərbaycanda kifayət qədər qabaqcıl standartlara cavab verən həkimlər var: "Eyni zamanda, bizim bir neçə özəl klinikalarımız var ki, tam şəkildə istər yerli, istərsə xarici vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmət göstərməyə hazırdırlar. Azərbaycanda artıq bir neçə tibbi müəssisə və klinikalar ABŞ-ın JCİ sertifikatını alıb. Bu da əcnəbilərdə güvən hissi yaradır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə