Naftalana ən çox hansı xəstəliklərin müalicəsi üçün gəlirlər?

Naftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hotel və müalicə mərkəzlərində rəy sorğusu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sorğuda şəhərdə istirahət edən və müalicə alan 100-dən çox yerli və xarici turist iştirak edib.

Azərbaycan, rus və ingilis dillərində hazırlanan sorğunun məqsədi hotel və müalicə mərkəzlərində xidmət səviyyəsinin yüksəldilməsi, turist məmnunluğunun təmin edilməsidir. Həmçinin bu sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

Sorğunun nəticəsindən aydın olub ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradıb. Turizm obyektlərinin xidmət səviyyəsi ilə bağlı suala “razıyam” deyənlər 94 faiz təşkil edib. “Hansı mövsümdə istirahət etmək uyğundur” sualına isə 59 faiz yay mövsümünün uyğun olduğunu qeyd edib. Həmçinin məlum olub ki, turistlərin 45 faizi dayaq hərəkət, 31 faizi revmatizm, dəri və uroloji xəstəliklərin müalicəsi üçün Naftalana gəlir. Həmçinin “Naftalanda neçə gün qalmağı planlaşdırmısınız” sualına respondentlərin 71 faizi 7-14 gün arası cavabı verib. Hotel və müalicə mərkəzlərindəki qiymətlərdən razı qalanlar isə 86 faiz təşkil edib.

Şəhərin infrastrukturundan, abad, təmiz və səliqəli saxlanılmasına isə 87 faiz “çox yaxşı” və “yaxşı” cavabları verib. Bununla yanaşı, “Bugünkü Naftalanı əvvəlki səfərlərlə müqayisədə necə görürsünüz” sualına da 83 faiz müsbət fikrini bildirib.

Rəy sorğusunda iştirak edən xarici respondentlərin 36 faizini Rusiya, 33 faizini Qazaxıstan, 27 faizini Özbəkistan, 2 faizini Almaniya, digər 2 faizini isə İsraildən gələnlər təşkil edib. Qonaqların 58 faizi Heydər Əliyev Beynəlxalq Aeroportundan və Gəncə Beynəlxalq Hava Limanından istifadə edərək xarici ölkələrdən Naftalana üz tutublar. Respondentlərin 42 faizini isə ölkə daxilindən gələn yerli qonaqlar təşkil edib.

Sorğu iştirakçıları müalicə aldıqları hotelin yüksək xidmət səviyyəsindən, həm də müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin səviyyəsinin yüksəldilməsinin, həmçinin asudə vaxtlarının daha səmərəli keçməsi üçün şəhərdə ticarət və əyləncə mərkəzinin olmasının, turizm marşrutlarının sayının artırılmasının, hotel və müalicə mərkəzlərində ATM-lərin quraşdırılmasının və bəzi turizm obyektlərində təqdim olunan xidmət növlərinin çeşidinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə