Turistlər niyə bölgələrə üz tutmur? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Bu gün Bakıda insanların kifayət qədər çox olması burada olan iş yerlərinin çoxluğu ilə bağlıdır. Turistlərin də daha çox Bakıya gəlməsi isə strateji olaraq bizə sərf etmir. Əslində, regionlarda olan hava limanlarının yetərincə fəaliyyət göstərməsi, orada qiymətlərin münasib olması xarici turistlərin bölgələrə daha çox səfər etməsini təmin etmək üçün bir sıra addımlar atılmalıdır. Məsələn, Birləşmiş Ərəb Əmirliklərindən Qəbələyə birbaşa reyslər var idi. Turistlər Bakıya gəlmədən həmin bölgədə istirahət edə bilirdilər”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Bakıda olan turistlərin regionlara az səfər etməsi ilə bağlı danışarkən ekspert bildirib ki, regionlarda istirahət, iaşə və digər obyektlərdə onlayn sistemlər işləmir: “Bölgələrdə olan müəssisələrdə daha çox nağd ödəniş mövcuddur. Turistlərin isə əksəriyyəti ödənişi kart vasitəsilə həyata keçirirlər. Bu da onlar üçün müəyyən çətinliklər yaradır. Daha bir səbəb isə yol infrastrukturu ilə bağlıdır. Bildiyiniz kimi, hazırda İsmayıllı-Qəbələ istiqamətində yol təmir-tikinti işləri gedir. Təbii ki, bu da regionlara səfərlərin az olmasına təsir edir”.

Ekspert qeyd edib ki, regionlarda olan xidmət və kadr məsələləri də turizmə təsir göstərən məqamlardandır: “Düzgün xidmətin göstərilməsi və keyfiyyətli kadrların olması servisin doğru şəkildə qurulmasına gətirib çıxarır. Bu da müştərilərin razı qalmasına səbəb olan amillərdəndir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə